İrana ikinci müəammalı səfər
İrana ikinci müəammalı səfər
Şeyx istədiyinə nail ola biləcəkmi?

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin İran səfəri diqqətlə müşahidə olunmaqdadır. Son bir ay ərzində Azərbaycandan ən yüksək səviyyədə nümayəndə heyətinin İrana ikinci səfər etməsi sözsüz ki, diqqəti cəlb etməli idi.
Xatırladaq ki, bir neçə gün öncədə Prezident Admnistrasiyasının rəhbəri Ramiz Mehdiyev gözlənilmədən İrana getdi. Və səfərdən qayıdandan sonra Ramiz Mehdiyevin adından İran mətbuatında ziddiyətli fikirlər yayıldı və rəsmi Bakı bunları təkziblədi. Bu təkziblərdən bir gün sonra isə İran Azərbaycan alimini heç bir əsas göstərmədən həbs etdi. Yalnız Şeyxin İrana səfərindən sonra alim azadlığa buraxıldı. Maraqlıdır, bəs Qafqaz müsəlmanları İdarəsinin rəhbərinin İrana səfərinin əsas mahiyyəti nədən ibarət idi? Gəlin öncəliklə rəsmi məlumata diqqət ayıraq. Bildirilir ki, səfərdə Azərbaycan-İran Parlamentlərarası Dostluq Qrupunun üzvləri də iştirak edir. Mayın 19-da Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb.S. Cəlili bildirib ki, İranla Azərbaycan arasındakı əlaqələr dərin və köklüdür: “İran Azərbaycanın müstəqilliyini, sabitliyini və inkişafını öz sabitliyi və inkişafı hesab edir. İran keçmişdə olduğu kimi, indi və gələcəkdə də Azərbaycana əlindən gələn hər cür yardımı göstərəcək”.Onun sözlərinə görə, Azərbaycandakı dini və islami potensiallar bu ölkənin təhlükəsizliyi, inkişafı və bütövlüyünü qorumaq üçün əsasdır: “Bu potensiallardan faydalanmaqla problemləri həll etmək lazımdır”. İran rəsmisi deyib ki, dünyanın süpergücləri terrorizm və demokratiyanı bəhanə edərək ixtilaf və qeyri-sabitlik yaratmağa çalışırlar: “Bölgə ölkələri potensiallarından faydalanmaqla həmin supergüclərin planlarını boşa çıxarmalıdır”. A. Paşazadə isə öz növbəsində vurğulayıb ki, Azərbaycanla İran arasındakı əlaqələr qardaşlıq münasibətlərinə və tarixi bağlara söykənir: “Azərbaycan düşmənlərin iki ölkə arasına nifaq toxumu səpməsinə icazə verməyəcək”.İndi isə gəlin bir neçə mühüm məqama önəm verək. İlk növbədə aydın olur ki, Şeyxülislam Hacı Allahşükür Paşazadə də səfər zamanı ilk növbədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili ilə görüşüb. Bu isə bir daha sübutlayır ki, Ramiz Mehdiyevin və QMİ rəhbərinin İrana səfəri eyni məqsədlidir və Şeyx hazırda başlanan hansısa danışıqları davam etdirmək üçün İrana səfər edib. Ekspertlər hesab edir ki, son zamanlar ABŞ və İsrail bir tərəfdən İrana qarşı təzyiqləri artırır, digər tərəfdən isə Azərbaycan yenidən diqqət mərkəzinə gəlir. Belə ki, NATO qoşunlarını Əfqanıstandan çıxartmağa çalışır və bunun üçün Azərbaycan ərazisindən istifadə olunacaq. Hətta belə ehtimal var ki, NATO qoşunlarının köçürülməsi prosesi uzun müddətli olacaq və bu səbəbdən NATO qoşunları uzun müddət Azərbaycanda qala bilər. Bu isə özlüyündə Rusiyanı və İranı ciddi şəkildə narahat edir. Hətta belə ehtimallarda var ki, NATO hansısa məqamda bu qoşunlardan İrana qarşı istifadə edə bilər. Məhz bu məsələ İranı ciddi şəkildə narahat edir və bu səbəbdən Azərbaycana qarşı təzyiqləri artırırlar. Fikir verirsinizsə istər Ramiz Mehdiyevlə görüşlərdə, istərsə də Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri ilə də görüşlərdə İran açıq şəkildə ABŞ-ı və İsraili hədəfə gətirir və belə rəy yaradılılr ki, Azərbaycanla İran arasında münasibətləri məhz bu qüvvələr korlamağa çalışır.
Mehdi Əli