İctimai Palata taktiki iflasa uğradı
İctimai Palata taktiki iflasa uğradı

Partiya sədrləri İP-in uğursuzluğundan danışdılar

İctimai Palata fəaliyyətə başlayandan bəri onun haçansa iflasa uğrayacağı barədə ən müxtəlif mülahizələr səslənirdi və deyəsən, bu versiyalar həqiqətə çevrilir. Belə ki İctimai Palatanın yaradıcılarından biri, Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseynin etiraf etdiyinə görə, “Milli Şuranın hansı formatda yaranacağı hələ tam aydın deyil.

Ancaq mənə təxminən aydındır ki, Milli Şuranın təsisində İP-in yaranması prosesindəki mexanizmdən istifadə olunacaq. Ancaq düşünmürəm ki, Milli Şura İP-in təkrarı kimi meydana çıxacaq. Biz İP-i yaradarkən qarşıya qoyduğumuz məqsədə nail olsaydıq, indi Milli Şura yaranmazdı. Təəssüf ki, bu baş tutmadı. Məsələ burdadır ki, İP yarandıqdan sonra Azərbaycan siyasətində xeyli dəyişikliklər baş verdi. Bu baxımdan, Milli Şuranı İP-in daha genişləndirilmiş forması hesab etmək düzgün deyil. Bu, artıq yeni situasiyanın qurumudur. Açığı bizi narahat edən əsas məqam MŞ-in İP-ə bənzərliyi deyil, onun təsisinin gecikdirilməsidir. Mən hesab edirəm ki, MŞ-in yaradılması üçün ən ideal dövr fevral ayı idi. Yaxın bir-iki həftə bu ideyanın reallaşması üçün çox kritik zamandır”.
Azərbaycan Yaşıllar Partiyasının sədri Mais Güləliyevin İctimai Palatada gedən proseslərlə bağlı “Unikal”a söylədiyinə görə, “İctimai Palatanın iflasa uğrayacağını öncədən görmək üçün heç də peyğəmbər olmaq lazım deyildi. Çünki istənilən təşkilat fəaliyyətə başlamaq istəyəndə birinci növbədə qarşısında qoyduğu hədəfi müəyyənləşdirməlidir və bu hədəf sona qədər izlənməlidir. İctimai Palata meydana tamam başqa bir statusla çıxdığını bəyan etmişdi, amma sonradan hakimiyyət uğrunda mübarizə aparan qurum kimi təqdim edildi. Yəni İctimai Palatanın hədəfi ilə resursları arasında aşkar ziddiyyət göründü. Bu ziddiyyət isə sözügedən qurumu iflasa aparmalıydı. Klassik siyasi sistemin prinsiplərinə görə, nəticə məhz belə olmalıydı. Əslində, İctimai Palata Milli Məclisdə qəbul edilmiş qanun layihələrinin ictimai ekspertizası ilə məşğul olmalı və lazım gələrsə, onlara alternativ layihələr işləyib hazırlamalıydı”.
Partiya sədri hesab edir ki, “Hazırda İctimai Palatanın ikinci nəfəs qazanmaq məqsədilə daxil olmaq istədiyi Milli Şura adlı qurumu da eyni aqibət gözləyir. Çünki bu qurum da konkret tarixi situasiyanın şərtlərinə və tələblərinə cavab verməyəcək iddialar əsasında təşkil olunmaq üzrədir. Milli Şuranı yaratmaq istəyənlər iddia edirlər ki, ölkədə hər hansı gözlənilməz kritik durum yaranarsa, onlar bütün məsuliyyəti öz üzərlərinə götürmək üçün təşkilati baxımdan hazır olmalıdırlar. Sizə bu səlahiyyəti kim verib? Hansı haqla bu iddia ilə çıxış edirsiniz? Bəs dövlət qurumları harada qalıb? Bu, artıq antikonstitusion bir çıxışdır”. Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadənin isə İctimai Palatanın indiki durumu ilə bağlı düşüncələri həmişəki kimi lakonik oldu. Onun “Unikal”a bildirdiyinə görə, “Mən Pənah bəyi kifayət qədər intellektual və hazırlıqlı siyasətçi hesab edirəm və ona böyük hörmətim var. Əgər Pənah bəy bu qənaətə gəlibsə, deməli, həqiqətən də, İctimai Palata ciddi daxili problemlər yaşayır. Fikrimcə, İctimai Palatanın indiki problemləri onun ilkin fəaliyyət formasından uzaqlaşması ilə bağlıdır. Məlumatlara görə, İP hazırda Milli Şuraya daxil olmaq niyyətindədir. Güman etmirəm ki, bu iki qurum arasında ciddi fərq müşahidə oluna bilə. Çünki insanlar bir qurumdan digərinə mexaniki şəkildə keçəndə heç nə dəyişilmir. İdeya yeniliyi, sosial baza yeniliyi yoxdursa, hər hansı yeni qurumdan danışmaq absurd işdir”.
Adil Hüseynli