Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsi “Naftalan” Sanatoriya-Kurort Birliyinin direktoru Qocayev Hatəm Əli oğlu barəsində cərimə protokolu tərtib edib.

“Unikal”ın əldə etdiyi məlumata görə, protokol İnzibati Xətalar Məcəlləsinin 192.4-cü (İşçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) maddəsinə əsasən tərtib olunub.

Hatəm Qocayev qərarla razılaşmayıb və Dövlət Əmək Müfəttişliyi Xidməti Gəncə regional ərazi şöbəsini məhkəməyə verib.

İşə Naftalan Şəhər Məhkəməsində hakim Ayaz Səlimovun sədrliyi ilə baxılacaq. Baxış iclası aprelin 17-nə təyin edilib.

Qeyd edək ki, “Naftalan” Sanatoriya-Kurort Birliyi 23 mart 1998-ci ildə dövlət qeydiyyatına alınıb. Birliyin nizamnamə kapitalı 5 milyon 131 min 822 manat təşkil edir. Hatəm Qocayev bir müddət “Park Naftalan” MMC-nin də direktoru olub.

Murad İbrahimli