Məleykə Abbaszadə-Misir Mərdanov qovğasına şok sonluq!
Məleykə Abbaszadə-Misir Mərdanov qovğasına şok sonluq!

Komitə sədri ilə təhsil nazirinin "ulduzlarının" heç cür barışmaması onlar haqqında ilginc qərar verilməsinə gətirib çıxara bilər

Təhsil naziri Misir Mərdanovla Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə arasındakı qovğa heç cür dinmir. İki yüksək vəzifəli arasındakı münaqişənin sakitləşməməsi bir yana, onlar arasındakı ixtilafın miqyası hər gün bir az da sərtləşir və genişlənir.

Az qala elə həftə yoxdur ki, bu iki qurumdan bir-birlərinə birbaşa və dolayısı yolla iradlar səslənməsin. Son iki ayda isə xüsusilə TQDK sədri aktivləşib. O, az qala bütün açıqlamalarında Təhsil Nazirliyini açıq və kəskin dillə suçlayan fikirlər səsləndirir. Dünən də bu baxımdan istisna olmadı.
"TQDK xətti ilə universitetlərə qəbul olunmayan, saxta diplomu olan şəxslərin adı və soyadları bizdə var. Lakin biz onları ictimaiyyətə açıqlamırıq" - deyə ötən gün keçirdiyi mətbuat konfransında TQDK sədri Məleykə Abbaszadə bildirib. M. Abbaszadənin sözlərinə görə, saxta diplomla bağlı rəqəmləri açıqlamağın məsuliyyətli iş olduğunu qeyd edib: "Saxta diplomu olan şəxslərin universitetlərə qəbuluna və bir universitetdən digər universitetə köçürülməsinə görə TQDK deyil, həmin diplomu verən nazirlik məsuliyyət daşıyır".
TQDK sədri sonda maraqlı bir fikir də səsləndirib: "Əgər TQDK-nın keçirdiyi imtahanlarda sıfır bal topalayan şəxslər universitetlərdə mütəxəssis kimi yetişibsə, biz buna şadıq".
Aydın görünür ki, Məleykə Abbaszadə yanıb və saxta diplomlar mövzusunda möhkəm dayanıb və sonadək bu işin üzərinə getmək fikrindədir. TQDK sədri saxta diplomlar üzərindən basqıları artırmaqla Mərdanovu hər gün bir az da divara dirəmək və sonucda təhsil naziri kimi onun "vurulması"nı qaçılmaz zərurətə çevirmək niyyətindədir.
Bundan bir neçə gün əvvəl isə TQDK sədri son 20 ildə ali məktəblərə 22 min tələbənin qanunsuz qəbul edilməyindən bəhs etmiş və bununla faktiki olaraq ölkə mediasının Təhsil Nazirliyi, özəlliklə də birbaşa nazir Misir Mərdanov üzərinə hücuma keçməsi üçün yaxşı şərait yaratmışdı. Abbaszadənin açıqlamasından sonra hətta hökumətyönlü KİV-lərdə belə, bu mövzuda Təhsil Nazirliyini hədəfə alan yazıların dərci dediklərimizin sübutudur.
İndi mövzunu davam etdirməklə, TQDK sədri təhsil nazirinin tənqidçi medianın gündəmindən düşməməsinə çalışır, Mərdanovun ictimai rəydəki olan-qalan etibarını da kökündən sarsıtmağa çalışır. Əlbəttə ki, təhsil nazirinin də Məleykə Abbaszadəni cavabsız qoymayacağını bilmək çətin deyil, bir sözlə, indi baş verənlər qarşıdakı günlər, həftələr iki məmurun ixtilafında gərginliyin kulminasiya nöqtəsinə qədər yüksələcəyinin xəbərçisidir.
Amma proseslər gözlənilməz məcrada da cərəyan edir. Dünən adının çəkilməsini istəməyən bir ekspert Məleykə Abbaszadə-Misir Mərdanov qovğasındakı son gəlişmələri şərh edərkən "Unikal"ın əməkdaşına bildirib ki, o, bu ixtilafın hər iki məmuru bitirəcəyini düşünür: "Bilirsiniz ki, bu günlərdə KİV-lərdə də belə məlumat getdi ki, həm TQDK sədrinə, həm də təhsil nazirinə aralarındakı münaqişəni bitirmək, media səhifələrində, jurnalistlər araçılığı ilə bir-birlərinə qarşı savaşa son qoymaq yönündə yüksək yuxarı dairələr tərəfindən göstəriş gəlib, bu göstərişə uymayacaqları təqdirdə ən sərt şəkildə cəzalandırılacaqları yönündə xəbərdarlıq edilib. Amma buna rəğmən hər iki məmurun qovğasının davam etməsi, həm də ictimaiyyətin gözü qarşısında, media orqanlarında davam etməsi tərəflərin barışmaq, ortadakı umu-küsüyü bir kənara qoyaraq qarşılıqlı və səmimi əməkdaşlıq şəraitində işləməyə hazır və qadir olmadıqlarını göstərir".
Mənbəmiz bildirir ki, bu saymazlıq, eyni zamanda tərəflər arasında sülhün yaradılmasının tam mümkünsüzlüyünün ortaya çıxması və onların öz aralarındakı "körpüləri tamamilə yandırdıqlarının" məlum olması "yuxarılar"ı son çarə kimi bir addımı atmaq məcburiyyətində qoya bilər: "Bu da hər iki məmurla yolların ayrılmasıdır. Yəni komitə sədri ilə nazir biri digərinin "başını yeməyi" hədəfləyərkən onların hər ikisi apardıqları nüfuz savaşının "qurban"ına çevrilə və karyeralarının sonuna gəlmiş ola bilərlər".
Hər iki tərəfin cəzalandırılması həm də ona görə qaçılmaz ola bilər ki, savaşın "cəbhə"lərindən biri sıradan çıxarıldıqda, digəri isə toxunulmaz saxlanıldıqda bu inciklik, yeni qarşıdurma mühiti yaratmasın.
Bir sözlə, "yuxarılar"ın göstərişinə və xəbərdarlığına rəğmən Məleykə Abbaszadə-Misir Mərdanov qarşıdurmasının davam etməsi və hər gün bir az da alovlanması hər iki məmur üçün şok sonluq vəd edir. Onların bir-birinə yönəlik hər açıqlaması isə sadəcə bu sonluğu daha da sürətləndirir və yaxınlaşdırır.

Elvin Rüstəmov