Bakının Nəsimi rayonunda bir qrup sahibkar "Azəri Tikinti Şirkəti" MMC-nin onların obyektlərinin qarşısını qanunsuz şəkildə bağladığını iddia edib. 

Bu barədə "Unikal"a açıqlama verən sahibkarlar sözügedən şirkətin məhkəmənin qərarına tabe olmadığını deyib. Onlar şirkət və Nəsimi Rayon İcra Hakimiyyətinin birgə fəaliyyət göstərdiyini, obyektlərin bağlanması üçün icra hakimiyyəti əməkdaşlarının onlara təzyiq göstərdiklərini açıqlayıblar. 

"Azəri Tikinti Şirkəti" MMC-nin məsul şəxsi Anar Əhmədov iddia edib ki, şirkət sahibkarlara kompensasiya təklif edilib, lakin məbləğ onları qane etməyib, həmçinin bu barədə məhkəmə qərarı yoxdur. 

Lakin məlum olub ki, adıçəkilən şirkət məsələ ilə bağlı obyekt sahibləri - Mirsaleh Mirəhmədov, Sadıxov Könül, Cavid, Tərlan və Zöhrabı məhkəməyə verib. Nəsimi Rayon Məhkəməsi iddiaçının mənzildən çıxarılma tələbini rədd edib. Bakı Apellyasiya Məhkəməsi də şikayəti təmin etməyib. Buna baxmayaraq şirkət obyektlərin qarşısını hasarlamağa davam edir. 

Obyekt sahibləri bu qanunsuz əməlin qarşısının alınması üçün aidiyyatı orqanların məsələyə diqqət göstərməsini xahiş ediblər. 

Qeyd edək ki, "Azəri Tikinti Şirkəti" MMC-nin keçmiş deputat Əsabil Qasımovun qardaşı Vüqar Qasımova məxsus olduğu deyilir. 

Müxbir: Ağarza Elçinoğlu 

Video: Ayxan Məlikov