NATO-dakı nümayəndəmiz Xəzər İbrahimdən xəbər var

Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı, səfir Xəzər İbrahim Brüsseldə yerləşən Amerika Klubunun üzvləri üçün brifinq keçirib. Bu barədə AR-nın NATO yaninda numayəndəliyinin mətbuat xidmətinin rəhbəri Azad Aslanov məlumat verib.

A.Aslanov bildirib ki, səfir X.İbrahim Brüsseldə yerləşən Amerika Klubunun dəvəti ilə Klubun üzvləri üçün "Azərbaycan: Qərblə Şərqin Arasında Körpü" mövzusunda təqdimat verib. O qeyd edib ki, Brüssel Amerika Klubu 1921-ci ildə bir qrup Amerika biznesmenləri tərəfindən təsis edil. Əvvəllər Brüsseldə yaşayan amerikalılar arasında sosial və biznes əlaqələri inkişaf etdirmək məqsədilə təsis edilib. Hazırda isə bu Klub eyni maraqlara xidmət edən digər dövlətlərin vətəndaşları üçün də açıqdır və 20-dən çox dövlətin vətəndaşlarını özündə birləşdirir. Klub ayrı-ayrı vəzifəli məmurları (o cümlədən ildə bir dəfə ABŞ-ın Belçikadakı səfiri ilə) dəvət edərək naharlar, müxtəlif ictimai-mədəni səfərlər və bayram tədbirləri ilə üzvləri arasında əlaqələndirməni təşkil edir.
AR-nın NATO yanında nümayəndəliyin rəsmisi onuda bildirib ki, səfir X.İbrahimin dəvət olunduğu tədbirdə klubun İdarə Heyətinin üzvləri, o cümlədən ABŞ, Almaniya, Belçika, İrlandiya, Kanada, Litva və s. dövlətlərdən olan 38 nəfər iştirak edib.
Təqdimat zamanı səfir X.İbrahim iştirakçılara Azərbaycanın tarixi, geostateji mövqeyi, xarici siyasəti, karbohidrogen resursları, enerji təhlükəsizliyi, Ermənistan-Azərbaycan münaqişəsi və onun regional inkişafa mənfi təsirləri, beynəlxalq təşkilatlarla əməkdaşlıq, nəqliyyat və tranzit məqsədləri üçün ölkəmizin əhəmiyyətli rolu kimi istiqamətlər üzrə məlumat verib. Qonaqlar ölkəmizin daxili və xarici siyasətinə, o cümlədən qonşu dövlətlərlə əlaqələr, neft gəlirlərinin bölgüsü, turizm potensialının gücləndirilməsi imkanlarına dair suallar verilər.
Sonda iştirakçılara ölkəmiz barədə maarifləndirmənin təşviqinə xidmət edəcək materialları əhatə edən hədiyyələr verilib.