Almaniyada iqtisadi böhranın dərinləşməsinə səbəb nədir?
Almaniyada iqtisadi böhranın dərinləşməsinə səbəb nədir?

Bir yandan da ölkə yeni faşizm dalğası ilə üz-üzədir

Bu gün Avropanın iqtisadi çəkisini, siyasi rəngini müəyyən edən iki ölkədən biri, yaxud birincisi Almaniyadır. Qoca qitənin mərkəzində yerləşən "kos-koca" dövlət - Almaniya özünün siyasətində laxlamalar olduğunu fərq etməyindədir.

Almaniyanın iç və dış
siyasətində aşınma?!

İki dünya müharibəsinin səbəbkarı, milyonlarla insanın məhvinə bais olan bu dövlət az qala böyük bir materikə özünü sülhpərvər simasında, mələk donunda təqdim etməyə çalışır. Amma son illərin araşdırması Almaniyada da həm daxili, həm də xarici siyasətdə aşınmaların olduğunu büruzə verir. Avropa Birliyinin çətiri altına toplaşan ölkələrin artıq maliyyə problemi ilə baş-başa qalması, əksinə Fransa və Almaniyanın maliyyə institutlarının inkişaf barədə rəqəmlər göstərməsi Birlik ölkələrində təşviş yaradıb. Avropalılar artıq başa düşüblər ki, Almaniya ötən əsrdə müharibələr yolu ilə əldə edə bilmədiyi qazancı, var-dövləti XXI əsrdə "mədəni" yolla - iqtisadi tələ qurmaqla həll edir. Araşdırmalar isə başqa nüansları ortaya çıxarır.
Avropa ölkələrində baş verən iqtisadi böhran bu dövlətlərin ictimai-siyasi həyatında etiraz nümayişləri, mitinqlər dalğasının yaranmasına, radikal millətçi qüvvələrin baş qaldırmasına səbəb olub. Bu baxımdan Almaniyada da vəziyyət son zamanlar xeyli gərginləşib. Bununla bağlı kütləvi informasiya vasitələrində silsilə yazılar, şərhlər, analitik icmallar verilir.

Almaniyada faşizm
yenidən dirilir?

Dünyaca məşhur "Spiegel" jurnalının internet saytında dərc olunmuş məqalədə bildirilir ki, Almaniya Federativ Respublikasında ultra sağçılar və onların siyasi partiyası ekoloji mövzular ilə sosial bazalarını genişləndirməyə çalışırlar.
Ultra sağçılar Almaniyada milliyyətçi çıxışları ilə seçilirlər. Onların "Ətraf mühit və aktiv" adlı jurnallarında dərc olunmuş məqalədə yenidən bu mövzuya toxunulmuşdur. Ekologiya mövzularından bəhs edilməsi gözlənilən jurnalda aşağıdakı fikirlər yer almışdır: "Alman xalqı başqa millətlərin nümayəndələri ilə nikaha girərsə, ölüb gedəcəkdir"; "Müsəlman və yəhudilərin heyvanların başını narkozsuz kəsməsi barbarlıqdır"; "Almaniyada miqrantlar özlərini yaxşı hiss etsinlər deyə Şərq dini adətləri də qəbul olunmalıdır: daşlama, əlin kəsilməsi və s."
Qeyd edək ki, ultra sağçılar əyalətlərdə seçki kampaniyası da keçirirlər. Meklenburq-Forpommen torpağında onların seçki kampaniyası "Ətraf mühitin qorunması - Vətənin qorunmasıdır" devizi altında keçirilir. "Spiegel" araşdırmışdır ki, "Ətraf mühit və aktiv" jurnalını maliyyələşdirən şəxslər və onun redaktorları partiya ilə birbaşa bağlı olan adamlardır.

Almaniyada hazırda
nə qədər neonasist var?

Xatırladaq ki, son illər Almaniyada bir neçə sağçı radikal təşkilatın fəaliyyətinə qadağa qoyulub. Hüquq mühafizə orqanlarının məlumatına əsasən, ötən il ölkə üzrə neonasist qruplaşmalarının üzvlərinin ümumi sayı təxminən 5600 nəfər olub. "www.lenta.ru"da verilmiş məlumatda isə deyilir ki, Almaniya Konstitusiyasının Federal Mühafizə Xidməti katoliklərə məxsus "kreuz.net" saytını ekstremizmdə ittiham etmişdir.
Bu sayt Avropanın katolik məzhəbinə aid bütün məlumatları toplayan portal kimi tanınır. Lakin mütəxəssislərin qeyd etdiyinə görə, bu, anonim bloqdur. Almaniyanın xüsusi xidmət orqanları portalda yerləşdirilən xəbərlər arasında müsəlman və yəhudilərə qarşı dözümsüzlük ifadə edən yazılar aşkar ediblər. Xüsusi xidmət orqanlarının apardığı araşdırmalar nəticəsində sayta xəbər yerləşdirənlərin bəzilərinin kimliyi bəlli olub. Belə ki, buraya Köln Şəhər Şurasının üzvü olan ultra sağçı mövqeyə malik vətəndaşlar, həmçinin "Müqəddəs Piya" adlı mühafizəkar katolik cərəyanının üzvləri daxildirlər.

Alman fonduna
ərəb zərbəsi

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyəti isə Almaniyanın kansleri Angela Merkelin partiyası ilə sıx əməkdaşlıq edən qeyri-hökumət təşkilatı olan Konrad Adenauer Fondunun bu ölkədəki ofisinin bağlanmasına qərar verib. Bu barədə də "www.lenta.ru" məlumat yayıb.
Məlumatda deyilir ki, Angela Merkel Berlində çıxış edərkən Birləşmiş Ərəb Əmirliklərinin bu addımından təəssüfləndiyini bildirib. Konrad Adenauer Fondunun rəhbəri, Avroparlamentin keçmiş prezidenti Hans-Hert Pyotterinq ofislərinin bağlanması xəbərini təsdiqləyib. Onun bildirdiyinə görə, Almaniyanın Abu-Dabidəki səfiri xarici işlər nazirliyinə çağırılmış və ona Fondun bu ölkədəki ofisinin təcili bağlanmasını tələb ediblər.
Konrad Adenauer Fondu Birləşmiş Ərəb Əmirliklərində ofisini 2009-cu ildə açıb. Xatırladaq ki, 2011-ci ildə Fondun Qahirə ofisinin əməkdaşları Misir ərazisində qanunsuz fəaliyyətdə günahlandırılıblar. Bu fakt üzrə cinayət işi açılıb.

Avropa Komissiyasının
Almaniyadan ilginc tələbi

Bu arada "www.lenta.ru" Almaniyanın gündəlik "Suddeutsche Zeitung" qəzetinə istinadla yazır ki, Avropa Komissiyası yenidən AFR-dən telekommunikasiya məlumatlarının qorunması haqqında qanunun qəbul olunmasını tələb etmişdir. Əks halda, ölkə külli miqdarda cərimə olunacaqdır.
Məlumatda bildirilir ki, ölkə bir ay ərzində telekommunikasiya qanununu qəbul etməsə Avropa İttifaqı məhkəməsinə veriləcəkdir. Qeyd olunur ki, bu qanun hələ ötən ilin dekabrında qəbul edilməli idi. Lakin hakim koalisiya partiyaları məsələnin həllində razılığa gələ bilməyiblər. Telekommunikasiya qanununun qəbul olunmasına etiraz edənlər bunu vətəndaşların şəxsi həyatına təhdid kimi qiymətləndirirlər.
Yeni qanuna əsasən, telekommunikasiya məlumatları telefon və internet şəbəkəsi provayderləri tərəfindən 6 aydan 2 ilədək saxlanmalıdır. Buraya danışığın vaxtı, yeri və danışan şəxslərin kimliyi, həmçinin internetə qoşulan an istifadə edilən İP ünvanların və istifadə müddəti məlumatları daxildir.