Etibar Piverdiyevin sonu çatır
Etibar Piverdiyevin sonu çatır
"Azərenerji" prezidentini parlamentdə "bombaladılar", onun korrupsiya əməllərindən Baş Prokurorluğa müraciət edəcək

Uzun müddətdir ki, hətta iqtidar mediasının da sərt tənqid hədəflərindən biri olan "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin sədri Etibar Pirverdiyev ətrafında halqa yenidən daralmağa başlayıb. İqtidar içindəki yüksək vəzifəlilər sırasında "vurulması" ehtimalı ən yüksək olanlardan biri sayılan Pirverdiyevə dünən parlamentin yüksək tribunasından ünvanlanan ittihamlar da deyilənlərin əyani tsdiqi kimi qəbul edilə bilər.
Belə ki, dünən Milli Məclisdə Hesablama Palatasının illik hesabatının müzakirəsi zamanı deputat Çingiz Qənizadə "Azərenerji" prezidenti Etibar Pirverdiyevi açıq bir dillə korrupsiyada suçladı. Millət vəkili bildirdi ki, "Azərenerji" ASC-nın rəhbəri ona yaxın olan AZENCO şirkəti ilə müqavilələr bağlayır, dövlət vəsaitlərini talayır. "Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırıldığının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə "Azərenerji" bütün əməliyyatlarını AZENCO şirkəti ilə birlikdə aparır və nəticədə böyük korrupsiya faktları olur" - deyə Çingiz Qənizadə bəyanət etdi.
Deputatın sözlərinə görə, bir həkim 300 manat alıb həbs olunduğuna görə, bu qədər milyonların talandığı "Azərenerji" ilə bağlı heç bir ölçü götürülmür. O təklif edib ki, Hesablama Palatası "Azərenerji" ilə bağlı apardığı araşdırmaları Baş Prokurorluğa göndərsin: "Etibar Pirverdiyev "Azenko" ilə müqavilələrlə milyonlarla manat vəsaiti mənimsəyir".
Millət vəkili "Azərenerji"dəki korrupsiya faktları ilə bağlı özünün də Baş Prkurorluğa müraciət edəcəyini bildirib.
Bir daha vurğulayaq ki, "Azərenerji" prezidenti Etibar Pirverdiyev barəsində yalnız müstəqil və müxalif mətbuatın deyil, hakimiyyət və rəsmi dövlət qəzetlərinin də açıq tənqidlər, ittihamlar səsləndirdiyi tək-tük iri məmurlardan biridir. Eyni zamanda ilk dəfə deyil ki, o, Milli Məclisdə bu qədər açıq bir dillə və kəskin tonda ittiham olunur.
Belə ki, bir neçə ay əvvəl Milli Məclisin komitələrinin Azərbaycanın 2012-ci il dövlət büdcəsi layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclası zamanı millət vəkili Fuad Muradov da "Azərenerji"nin fəaliyyətini sərt bir şəkildə tənqid etmişdi. Millət vəkili bildirmişdi ki, son günlər ölkədə elektrik enerjisi ilə bağlı ciddi problemi yaşandı. Hətta paytaxtda və mərkəzi hissələrdə elektirik enerjisinin verilməsində uzunmüddətli fasilələr yarandı. Halbuki, hər il dövlət büdcəsindən "Azərenerjiyə" vəsait ayrılır və Maliyyə Nazirliyi kifayət qədər böyük maliyyəni bu qurumun hesabına köçürür.
F. Muradovun sözlərinə görə, dövlət insanların verdiyi vergiyə əsasən "Azərenerji"yə investisiya qoysa da, insanlar işıq problemindən əziyyət çəkirlər: "Ona görə də Hesablama Palatası "Azərenerji"nin fəaliyyətinə yenidən baxmalıdır".
Pirverdiyevin son 6 ay içərisində Milli Məclisdə "bombardman"a məruz qalması ilə bağlı daha bir kəskin çıxış isə ötən il noyabrın 15-nə təsadüf edir. Həmin gün Milli Məclisin bu günkü iclasında "Elektroenergetika haqqında" və "Qaz təchizatı haqqında" qanunlara dəyişikliklərin müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva Etibar Pirverdiyevin rəhbərlik etdiyi Açıq Səhmdar Cəmiyyətini kəskin tənqid atəşinə tutub: ""Azərenerji"nin işi ilə bağlı onun rəhbərinə mənim bir neçə sualım var. Çox dəhşətli bir haldı ki, abunəçi öz işıqpulunu ödəyir, hətta onun kartında pul da qalır, amma kimsə pulu ödəmir, gəlirlər kütləvi şəkildə vətəndaşların işıqlarını kəsirlər. Bu yolverilməz bir haldır".
Deputat konkret olaraq misal gətirib. O bildirib ki, özünün də yaşadığı Abşeron rayonu ərazisində iki-üç gündən bir işıq kəsilir: "Mən bununla bağlı bir adam tapıb onunla danışa bilmirəm ki, niyə belədir, bunu kim belə edir? Çox maraqlı və gülünc alınır ki, külək əsir, işıqlar sönür. Məsələni həll etmək lazımdı. Kiminsə imkanı var, generator alır və öz elektrik enerjisi təminatı problemini həll edir. Ancaq realldır ki, hamı generator ala bilmir. Bütun bunlar mütləq nəzərə alınmalıdı".
Bütün bu çıxışların üzərindən olduqca qısa bir müddət keçdikdən sonra Etibar Pirverdiyevin korrupsiya əməllərinin ölkənin ən ali tribunasından - qanunverici orqandan növbəti dəfə dilə gətirilməsi, millət vəkili Çingiz Qənizadənin Pirverdiyevin ünvanına ittihamları korrupsiya adı ilə ümumiləşdirməsi "Azərenerji" prezidentinin "başı üzərindəki qara buludların" günbəgün daha da sıxlaşdığını, onun görəvindən uzaqlaşdırılmasının artıq qaçılmaz reallığa çevrildiyini göstərir.
Hətta istisna deyil ki, Etibar Pirverdiyevin və rəhbərlik etdiyi "Azərenerji"nin fəaliyyətindəki korrupsiya faktlarından Baş Prokurorluğa müraciət ediləcəyinə dair siqnallar səhmdar cəmiyyət prezidentini üfüqdə daha ağır aqibətin - həbsin gözlədiyinə dair mümkün variantın ilk mesajıdır. Proseslərin bundan sonrakı gedişini diqqətdə saxlayacaq və əlavə gəlişmələrdən sizi xəbədar etməyə çalışacağıq.
Zaur Ağasıoğlu