Prezident Rəcəb Tayyib Ərdoğan İsrail Baş naziri Yair Lapid ilə telefon danışığı aparıb. Görüşdə Türkiyə-İsrail münasibətlərinin və regional məsələlərin dəyərləndirildiyi bildirilib.

"Unikal" xəbər verir ki, Rəyasət Heyətinin Kommunikasiyalar Müdirliyindən verilən məlumata görə, görüşdə Türkiyə-İsrail münasibətləri və regional məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İsrail prezidenti İsaak Hersoq və İsrailin baş naziri Yair Lapidin Türkiyəyə səfərləri zamanı razılaşdırılmış çərçivədə Türkiyə-İsrail əlaqələrinin inkişafından məmnunluğunu ifadə edib.

Qarşılıqlı olaraq elan edilən səfir təyin etmə qərarına toxunan prezident Ərdoğan yeni səfirin təyin olunması üçün ən qısa zamanda lazımi addımları atacaqlarını bildirib.

Prezident Ərdoğan Türkiyə ilə İsrail arasında əməkdaşlığın və dialoqun davamlı əsasda və qarşılıqlı həssaslıqlara hörmət əsasında inkişafını dəstəklədiyini ifadə edib.