Berlində naməlum şəxslər ailə məsələləri üzrə nazir Liza Pausun ofisini yandırıblar.

"Unikal" xəbər verir ki, bu barədə “Birlik 90/Yaşıllar” partiyasının yerli şöbəsindən məlumat verilib.

“Almaniya Bundestaqının deputatı və ailə məsələləri üzrə federal nazir Liza Pausun seçki dairəsində yerləşən ofisində yanğın törədilib. Eləcə də Yaşıllar Partiyasının Şarlottenburq-Vilmersdorfdakı ofisi yandırılıb”, - deyə partiyadan bildirilib.

Hadisə nəticəsində insan itkisi olmayıb. Hazırda dəymiş ziyanın məbləği dəqiqləşdirilir.

İyun ayında Paus Almaniyanın ədliyyə naziri Marko Buşman ilə birlikdə yeni qanun layihəsini ictimaiyyətə təqdim edib. Layihədə vətəndaşlara tibbi arayışlar olmadan özbaşına cinsiyyətinin dəyişdirilməsi üçün müraciət etmək imkanı verilir.

Qanun layihəsində həmçinin nəzərdə tutulur ki, yaşı 14-dən yuxarı olan hər kəs yalnız valideynlərindən və ya qanuni qəyyumlarından icazə alaraq cinsinin və adının dəyişdirilməsi üçün yerli qeydiyyat şöbəsinə müraciət edə bilər.