Bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycan Respublikasının Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq  məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb.

Baş Prokurorluqdan "Unikal"a bildirilib ki, yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

İlkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycan Respublikasının Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi  və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

Azərbaycan Respublikasının ərazilərində  “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün  tədbirlər görüləcəkdir.