Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Qazax rayonunda növbəti dəfə təşkil etdiyi "Yaradıcı gənclərin düşərgəsi" davam edir. 

"Unikal" xəbər verir ki, 12-17 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində reallaşan "Yaradıcı gənclərin düşərgəsi"ndə respublikamızın 39 şəhər və rayonundan 15-25 yaş arası 65 nəfər gənc iştirak edir. 

Avqustun 15-də “Yaradıcı gənclər düşərgəsi”nin iştirakçıları Qazax rayonunun gəzməli-görməli yerlərinə ekskursiya edib, rayon haqqında dolğun məlumatlar əldə ediblər. 

Avqustun 15-də günün ikinci yarısı Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov və rayonda gənclər sahəsi üzrə fəaliyyət göstərən idarələrin rəhbərləri ilə birlikdə Qazax Olimpiya İdman Kompleksinə gələrək düşərgə iştirakçıları ilə görüşüb. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək gəncləri salamlayıb, Qərbin qapısı sayılan Qazaxda onlarla görüşməkdən məmnunluğunu bildirib. Əvvəlki düşərgə iştirakçıları ilə olan görüşdən söz açan icra başçısı bugünkü görüşün də yaddaqalan və xoş anlarla dolu bir görüş olacağını söyləyib. İcra başçısı gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb. 

“Siz gənclər xoşbəxtsiniz ki, dövlətimiz tərəfindən gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə böyük diqqət və qayğı göstərilir. Siz gənclərin müstəqil Azərbaycanın parlaq gələcəyi naminə yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən rayon rəhbəri təşkil olunmuş düşərgələri həmin qayğının davamı kimi qiymətləndirib. İcra başçısı gənclərin onlara göstərilən qayğını hər zaman öz bilikləri savadları, vətənpərvərlikləri, qazandıqları nailiyyətlərlə doğrultduqlarını bildirib. Bunun 44 günlük Vətən müharibəsində də şahidi olduğumuzu, gənclərimizin haqq savaşında əsl qəhrəmanlıq tarixi yazdıqlarını dilə gətirib.

“Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən icra başçısı onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda təşkil olunmuş düşərgələrə görə Gənclər və İdman naziri Fərid Qayıbov başda olmaqla, əməyi keçən insanlara, müəllimlərə minnətdarlığını bildirib. 
Səmimi söhbət əsasında keçən görüşdə icra başçısı gənclərin fikirlərini, təkliflərini, ürək sözlərini dinləyib. Gənclərdən Ömər Xəlilov, Cavidan Qənizadə, Ömər Ramazanov, Məhəmmədəli Hacıyev, Zəka Nəcəfli, Şəmsinur Məmmədli, Gülnar Mustafayeva, Türkan Əliyeva, Aytac Mirzəliyeva, Röya Əhmədova, Yusif Əzizov, Arif Babayev, Arzu Abbaszadə, Seyfəddin İsmayılov, Kənan Əlizadə, Əbdurəhman Sadıqzadə, Zümrüd Rzayeva, Fərhad Ağayev, Altun Süleymanov, Valeh Ağayev və başqaları özləri, eləcə də təmsil etdikləri bölgələr haqqında məlumat verərək bugünkü görüşün yaddaşlarına ən ülvi duyğularla yazıldığını bildiriblər. Düşərgə, Qazax rayonu barədə təəssüratlarını bölüşən gənclər onlara göstərilən qonaqpərvərliyə və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclər olaraq bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Düşərgənin onların həyatında dərin izlər buraxdığını, onlara yeni dostlar qazandırdığını, yaradıcı gənclər olaraq bilik və bacarıqlarının artmasında böyük töhfə olduğunu vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, düşərgənin təşkilində əməyi olan insanlara, Ülviyyə xanım başda olmaqla, əziyyəti olan müəllimlərə minnətdarlıqlarını bildiriblər. Düşərgə müddətində onlara yaradılan şəraitə görə Qazax Olimpiya İdman Kompleksinin rəhbərliyinə təşəkkürlərini çatdırıblar. 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Yaradıcı gənclərlə iş və asudə vaxtın təşkili sektorunun baş məsləhətçisi Ülviyyə Zeynalova da öz növbəsində ilk gündən göstərilən qonaqpərərliyə, səmimi münasibətə görə naziriliyin rəhbərliyi adından minnətdarlığını bildirib. Düşərgə iştirakçıları olan gənclərə vətənpərvərliklərinə, nümunəvi tərbiyələrinə görə razılığını bildirərək ailələrinə təşəkkür edib. “Ölkə Prezidenti siz gənclərə böyük etimad göstərir. Bunu hər biriniz bilirsiniz. Çox sağ olun ki, siz gənclər də ölkə rəhbərinin ətrafında sıx birləşərək bu etimadı layiqincə doğruldursunuz və əminəm ki, bundan sonra da doğrultmaqda davam edəcəksiniz. Dünyanın hansı ölkəsində olmağınızdan asılı olmayaraq Azərbaycana, vətənimizə, torpağımıza bağlı olun”, - deyən Ü.Zeynalova gənclərə gələcək fəaliyyətlərində, həyatlarında, atacaqları addımlarında uğurlar arzu edib. 

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gənclərlə olan görüşə yekun vuraraq bir daha gənclərin ünvanına xoş sözlərini çatdırıb, Azərbaycanın adına layiq gənclər olaraq bütün dünyada ölkəmizi layiqincə təmsil etmələrini tövsiyə edib, bu yolda onlara uğurlar arzulayıb. Sonda gənclərlə xatirə şəkilləri çəkdirib.