Macarıstan Türkiyə ilə birlikdə  pilotsuz təyyarələrin istehsalına başlamağı planlaşdırır.

"Unikal" Daily Hungary-ə istinadən xəbər verir ki, bu məsələ Macarıstanın texnologiya və sənaye naziri Laslo Palkoviç ilə türkiyəli həmkarı Mustafa Varank arasında telefon danışığı zamanı müzakirə olunub.

Onun sözlərinə görə, Macarıstan xarici tərəfdaşları da cəlb etməklə, öz daxilində hərbi texnika istehsalına qərar verib. O, əlavə edib ki, dörd təkərli zirehli döyüş maşınlarının istehsalı oktyabrda başlaya biləcək böyük gələcək layihələrdən biri olacaq.

"Biz bu layihə ilə bağlı texnoloji detalları müzakirə etdik."

O qeyd edib ki, digər mövzulara pilotsuz uçuş aparatlarının, eləcə də onların zireh və silahlarının istehsalı sahəsində ikitərəfli müdafiə əməkdaşlığının genişləndirilməsi daxildir. O əlavə edib ki, Türkiyə bu avadanlıqların istehsalında liderdir.

“Planlara görə, bu cür avadanlığın istehsalı Macarıstanın qərbindəki Kapoşvarda yerləşən müəssisədə başlayacaq”, - o deyib.

Palkoviçin sözlərinə görə, danışıqların digər mühüm mövzusu enerji olub. O qeyd edib ki, Türkiyənin enerji istehsalını, xüsusilə də ölkənin elektrik şəbəkəsini tamamlayan günəş paneli sistemləri və digər komponentlərinin istehsalını dəstəkləmək üçün güclü sənaye var. “Biz Türkiyə şirkətlərini Macarıstanda belə komponentlər və günəş panelləri istehsal etməyə inandırmaq istərdik”, - nazir bildirib.