Şahdağ Milli Parkının Qəbələ rayonu bölməsində mürəkkəb relyefli dağlıq ərazidə baş verən yanğının söndürülməsi istiqamətində tədbirlər görülür. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yerli qurumunun rəsmisi Akif Məmmədov "Unikal"a bildirib ki, yanğın yüksək dağlıq ərazidə baş verdiyindən texnikanın əraziyə cəlb edilməsində çətinliklər yaranıb. Yanğının söndürülməsində əsasən əl əməyindən istifadə olunur. 

“Hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları səfərbər olunaraq yanğının söndürülməsi üçün çalışırlar”.

***

16:53

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Qəbələ rayonunda meşə yanğını olması barədə məlumatı təsdiqləyib.

O, "Unikal"a bildirib ki, yanğın Şahdağ Milli Parkının ərazisində baş verib:

“Hazırda ETSN və FHN əməkdaşlararı yanğın baş verən ərazidədirlər. Yanğının söndürülməsi üçün işlər görülür”.

***

16:42

Qəbələdə yanğın başlayıb.

"Unikal" xəbər verir ki, yanğın rayonun Tıkanlı kəndində, Şahdağ Milli Parkının ərazisində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyi və meşə təsərrüfatı işçiləri cəlb olunub.

Hazırda yanğın davam edir.

Seymur Əli