Türkiyənin Konya şəhərində təşkil olunan V İslam Həmrəyliyi Oyunları davam edir.

"Unikal" xəbər verir ki, yarışın doqquzuncu günündə - avqustun 13-də güləş (yunan-Roma və qadın güləşi) üzrə Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Məhəmməd Əhmədiyev (87 kq), Sabah Şəriəti (130 kq) və Jalə Əliyeva (57 kq) uğur qazanmağa çalışıblar.

İdmançılarımızdan üçü həlledici qarşılaşmada güləşmək hüququ qazanıb.

Dünya və Avropa mükafatçısı, IV İslam Həmrəylik Oyunlarının medalçısı Murad Məmmədov (60 kq) qazaxıstanlı Yernar Fidəhmədova 4:1 hesabı ilə qalib gələrək yarımfinala keçib.

Bu mərhələdə növbəti rəqibini məğlub edən güləşçimiz Murad Məmmədov finala yüksəlib.

Sonra dünya mükafatçısı və Avropa çempionu Sənan Süleymanov və Avropa mükafatçısı Həsrət Cəfərov da rəqiblərini üstələyərək finala adlayıblar.

Azərbaycan təmsilçiləri İslamiadada 24 idman növündən 22-sində iştirak edirlər.

Oyunlar vaxtı 483 dəst medal öz sahibini tapacaq.