Kəşmir əsilli Britaniya yazıçısı Salman Rüşdi Nyu York ştatında mühazirə oxumazdan əvvəl naməlum şəxsin hücumuna məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb. Onun sözlərinə görə, naməlum şəxs Rüşdi Nyu-Yorkun qərbində, mühazirə oxumalı olduğu Chautauqua şəhərindəki təhsil mərkəzinin səhnəsinə çıxan zaman ona hücum edib. Agentlik hücum edənin bıçaqla silahlanmış ola biləcəyini istisna etmir.

Daha sonra əyalət polisi bildirib ki, "Rüşdi açıq-aşkar bıçaqlanıb və təyyarə ilə yaxınlıqdakı xəstəxanalardan birinə aparılıb. Onun vəziyyəti məlum deyil". Açıqlamaya görə, şübhəli şəxs hadisə yerində yaxalanıb.

1989-cu ildə İranın Ali Rəhbəri Ayətullah Xomeyni ona qarşı fitva (dini göstəriş) verib. Səbəb onun yazdığı “Şeytan ayələri” romanı olub və kitabda İslamın banisi Məhəmməd peyğəmbərin təhqir olunduğunu görən bir çox müsəlmanın qəzəbli reaksiyasına səbəb olub. Bir neçə il Rüşdi Skotland Yardın agentləri tərəfindən daimi mühafizə altında olub. 2002-ci ildə Britaniya hökuməti yazıçının təhlükəsizliyi üçün İrandan gizli təminat alıb və mühafizə ilə təmin olunub. 

75 yaşlı Rüşdi çoxsaylı ədəbi mükafatlar, o cümlədən 1981-ci ildə Buker mükafatı qazanıb. 2007-ci ildə Böyük Britaniya kraliçası II Yelizaveta onu cəngavər rütbəsi ilə təltif edib və bu da İslam dünyasında narazılıq dalğasına səbəb oldu.

Yazıçı dörd dəfə evlənib, onun hind əsilli amerikalı aktrisa və teleaparıcı Padma Lakşmi ilə evliliyi 2007-ci ildə pozulub. Rüşdinin iki oğlu var. 2000-ci ildən ABŞ-da yaşayır, 2016-cı ildə Amerika vətəndaşlığını alıb.