Xədicə İsmayılova ilə bağlı mətbuat konfransı keçirildi
Xədicə İsmayılova ilə bağlı mətbuat konfransı keçirildi
"Mənzilə gizli yolla telefon xəttinin çəkildiyini gördük"

Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) mətbuat mərkəzində "Azadlıq" radiosunun əməkdaşı Xədicə İsmayılovanın özəl həyatına edilən müdaxilə barəsində olan istintaqının gedişi və aparılan alternativ araşdırmaların nəticələri ilə bağlı mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən Xədicə İsmayılova martın 7-də hədələyici məktub aldığını bildirib: "Baş verən hadisələrlə bağlı martın 17-də istintaqa ətraflı ifadə verdim. İfadə verərkən təkid etdim ki, cinayət işi 156-cı (şəxsi həyatın toxunulmazlığını pozma) və 163-cü (jurnalistin qanuni peşə fəaliyyətinə mane olma) maddələri ilə açılsın. Lakin cinayət işi yalnız 156-cı maddə ilə başlanıldı".
X. İsmayılova məlum hadisə ilə bağlı alternativ araşdırma apardıqlarını qeyd edib: "Martın 17-də biz gizli çəkiliş aparılan mənzildə olmuşuq. Orada tavanda suvağın fərqli olduğunu və mənzildə gizli kameranın yerləşdirildiyini aşkar etdik. Həmçinin mənzilə gizli yolla telefon xəttinin çəkildiyini gördük. Prokurorluq tərəfindən mənzilə texniki baxış keçirilərkən rabitə üzrə ekspert olmadığından 38 saylı telefon qovşağından usta çağırdım. Həmin usta bildirdi ki, telefon xəttini özü çəkib. O, bu göstərişi verən adamın özünü evin sahibi kimi göstərdiyini və xətti 2011-ci il iyunun 2-də çəkdiyini söylədi. İstintaq sirri olduğundan biz həmin ustanın adının çəkilməsini istəmirik".
X. İsmayılova bəzi mətbuat orqanlarında onun şərəf və ləyaqətinə toxunan yazılar dərc edildiyi üçün Mətbuat Şurasına müraciət edib.
Tədbirdə iştirak edən Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli isə bildirib ki, Şura Xədicə İsmayılovanın özəl həyatına edilən müdaxiləni pisləyib: "Bununla bağlı 3 dəfə bəyanat yaymışıq. Müraciət də baxılacaq və biz hər bir dəstəyi göstərməyə hazırıq".
M. Ələsgərlinin çıxışı isə "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyev tərəfindən kəsilib. M. Əliyev M. Ələsgərlini özü ilə bağlı verdiyi açıqlamalara görə ittiham edib və onun çıxış etməməli olduğunu bildirib.
M. Ələsgərli isə M. Əliyevin ittihamlarına cavab vermədən, X. İsmayılova ilə bağlı məsələnin Mətbuat Şurasının diqqətində olduğunu bildirib.