İsveç hökuməti dələduzluğa görə axtarışda olan şəxsi Türkiyəyə təhvil vermək qərarına gəlib.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, bu,Türkiyənin Stokholmun NATO-ya üzvlük üçün rəsmi müraciət etməsinə icazə verilməsi müqabilində bir sıra şəxslərin ekstradisiyasını tələb etməsindən bəri ilk dəfədir.

İki Skandinaviya ölkəsininin terrorçulara yardım etdiyinə görə, həftələrlə davam edən gərgin danışıqlardan sonra Türkiyə iyun ayında Finlandiya və İsveçin Qərb alyansına qoşulmaq təklifinə qoyulmuş vetonu ləğv edib. Müqavilə çərçivəsində Türkiyə İsveç tərəfindən ekstradisiya ediləcək şəxslərin siyahısını təqdim edib.

İsveç 30 yaşlı kişini ekstradisiya etmək qərarına gəlib.

“Bu, normal bir işdir. Sözügedən şəxs Türkiyə vətəndaşıdır və 2013 və 2016-cı illərdə Türkiyədə dələduzluqda təqsirli bilinib”, - deyə ədliyyə naziri Morqan Yohanson bildirib.

“Ali Məhkəmə məsələyə adi qaydada baxıb və ekstradisiyaya heç bir maneənin olmadığı qənaətinə gəlib.

Ədliyyə Nazirliyinin sözçüsü bu şəxsin Türkiyə tərəfindən ekstradisiyasını tələb etdiyi şəxslər siyahısında olub-olmaması barədə məlumat verməkdən və ya məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib.

Ekstradisiya ilə bağlı ilk məlumat verən İsveçin SVT telekanalı bu şəxsin Türkiyədə bank kartı fırıldaqçılığı ilə bağlı çoxsaylı ittihamlarla 14 il həbs cəzasına məhkum edildiyini bildirib.

Ötən ildən İsveçdə saxlanılan şəxs xristianlığı qəbul edib.