Avqustun 10-da Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov təqvim planına uyğun olaraq növbəti səyyar qəbul-görüşünü Sütəmurdov kənd inzibati ərazi dairəsinin sakinləri ilə keçirib. Səyyar qəbul-görüşdə İcra başçısı ilə birlikdə İcra hakimiyyəti aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, əlaqədar təşkilatların və xidmət sahələrinin rəhbər işçiləri də iştirak ediblər.

"Unikal" xəbər verir ki, torpaqlarımızın bütövlüyü, suveren hüquqlarımızın bərpası və sərhədlərimizin toxunulmazlığı uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. İcra başçısı yerlərdə vətəndaşlarla birbaşa dialoqun qurulmasının önəmindən danışaraq bildirib ki, məqsəd insanların ümumi və şəxsi problemlərinin dinlənilməsi, onların həlli istiqamətində operativ və nəticəyə yönəlik addımların atılmasını təmin etməkdir.

İnsan amilinin sosial dövlətin ana sütununu təşkil etdiyini vurğulayan Taleh Qaraşov qeyd edib ki, cənab Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq vətəndaşların bütün müraciətlərinə həssaslıqla yanaşılır, dərindən təhlil edilir, qaldırılan məsələlər ümumiləşdirilir, həlli üçün uyğun mexanizmlər və təklif irəli sürülür. İcra başçısı əhalinin həssas təbəqələrinə qarşı dövlətin hər zaman diqqət göstərdiyini, xüsusilə şəhid ailələri, qazilər və Vətən müharibəsi iştirakçılarının qayğı və problemlərini diqqətdə saxladığını bildirib.

Ənənəvi olaraq səyyar qəbul-görüşlərdə sözügedən kateqoriyadan olan vətəndaşları birbaşa dinləyən T.Qaraşov onların qaldırdıqları və İcra hakimiyyətinin səlahiyyətlərinə aid olan məsələlərin yerindəcə həlli istiqamətində göstərişlərini verib. Bundan başqa, İcra hakimiyyətinin səlahiyyətlərinə aid olmayan məsələlərin həlli üçün aidiyyəti qurumlara rəsmi müraciətlərin edilməsi və nəticəsi barədə vətəndaşlara məlumat verilməsi tapşırılıb. Sütəmurdov kəndinin əhalisi səmimi qəbula görə Taleh Qaraşova minnətdarlıqlarını ifadə ediblər. Aidiyyəti qurumların nümayəndələrinin qəbul-görüşdə iştirakının bir çox məsələlərin yerində həll olunmasına köməklik etməsindən məmnunluqlarını dilə gətiriblər. Yerli sakinlər çıxışlarında dövlətimizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sosial sahəyə xüsusi qayğısı nəticəsində ölkəmizdə sosial inkişaf istiqamətində mühüm nailiyyətlərin əldə olunduğunu bildiriblər və buna görə onlara minnətdarlıqlarını ifadə ediblər.