Avqustun 10-da Vətən müharibəsi şəhidləri - leytenant Yaqubov Mayis Rəhim oğlunun və tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun təltif olunduqları 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri şəhidlərimizin ailələrinə təqdim olunub.

"Unikal" xəbər verir ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev şəhidlərimizin evində olub, ailə üzvləri ilə görüşüb, ordenləri sahiblərinə çatdırıblar.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin hər zaman bizim fəxr, qürur yerimiz olacağını, bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini bəxş edən Ali Baş Komandan İlham Əliyevə, şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borclu olduğumuzu söyləyib. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyan Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə ömür boyu minnətdar olduğumuzu qeyd edib. Dövlətimiz, ölkə başçısı tərəfindən Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizin, yaralılarımızın, canını Vətənə fəda edən şəhidlərimizin ailələrinin daim diqqət mərkəzində saxlanılacağını söyləyib. Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhidlərimizin, qazilərimizin ailələrinə göstərdikləri qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini qeyd edib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun zabiti, polkovnik-leytenant Anar Nəbiyev Mayis, Adil kimi qəhrəman oğullarımızın şücayəti sayəsində Azərbaycanın dövlət müstəqilliyinin əbədi olduğunu söyləyib. Qanları ilə tarix yazaraq dastana dönən oğullarımızla gələcək nəsillərin daim qürur duyacağını vurğulayıb.

Övladlarının təltif olunduqları ordenləri qəbul edən şəhid ataları, anaları onlarla fəxr etdiklərini bildiriblər. Qəhrəman övladlarının təltif olunduqları orden və medalları qəbul etməyin çətin olduğu qədər də şərəfli, qürurverici olduğunu söyləyiblər. 30 illik həsrətdən sonra Azərbaycan xalqına şanlı Qələbəni yaşadan qəhrəman oğullarımızın qəlblərdə əbədi yaşayacağını, dövlətimizin şəhidlərimizin adlarının yaşadılması üçün təqdirəlayiq işlər gördüyünü bildiriblər. Şəhid ailələri kimi onlara göstərilən qayğıya görə ölkə başçısına və rayon rəhbərliyinə minnətdarlıq ediblər.