Ukrayna prezidenti Volodimir Zelenski əmindir ki, bütün rusların Qərb ölkələrinə girişinə qadağa Rusiya Federasiyasının Ukrayna ərazilərini “ilhaq”ının qarşısını ala bilər.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna prezidenti The Washington Post - a müsahibəsində deyib.

Onun sözlərinə görə, sərhədlərin bağlanması mühüm sanksiyalardır, çünki “ruslar yad torpaqları zəbt edir, ona görə də fəlsəfələrini dəyişənə qədər öz dünyalarında yaşamalıdırlar”. Zelenski vurğulayıb ki, bu, artıq Qərb ölkələrində olan ruslara da şamil edilməlidir.

"Nə olursa olsun... onları Rusiyaya qaytarın. Onda başa düşəcəklər. Deyəcəklər ki, "Bu müharibənin bizə heç bir aidiyyəti yoxdur. Bütün əhali məsuliyyət daşıya bilməz, elə deyilmi?” Bəlkə də. Amma əhali bu hökuməti seçib və onunla mübarizə aparmır, onunla mübahisə etmir”, - deyə Zelenski bildirib.

O, həmçinin vurğulayıb ki, belə çıxır ki, ruslara təcrid lazımdır.

"Siz bütün dünyaya deyirsiniz ki, o, sizin qaydalarınızla yaşamalıdır. Onda gedib orada yaşayın. Bu, Putinə təsir etməyin yeganə yoludur", - prezident əlavə edib.

Xatırladaq ki, bundan əvvəl Estoniya Xarici İşlər Nazirliyi Avropanın Rusiyaya qarşı növbəti sanksiyalar paketinə viza qadağasının daxil edilməsini təklif etmişdi. Lakin Brüssel iddia edir ki , bütün ruslara tam qadağa qoyulması Aİ siyasətinə zidd olacaq.