Avqustun 30-da İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti növbəti dəfə dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı hərrac keçirəcək.

"Unikal" xəbər verir ki, hərraca 55 dövlət əmlakı çıxarılacaq.

Bunlardan 6-sı səhmdar cəmiyyəti, 12-si kiçik dövlət müəssisəsi və obyekti, 1-i yarımçıq tikili, 36-sı isə nəqliyyat vasitəsidir.

Hərracda iştirak etmək istəyən şəxslər sənaye, quşçuluq və s. sahələrə aid səhmdar cəmiyyətlərin səhm paketlərini özəlləşdirə bilərlər. Belə müəssisələrə “Biləsuvar Broyler”, “Gəncə Quşçuluq” və digər səhmdar cəmiyyətləri aiddir.

Səhmdar cəmiyyətlərinin nizamnamə kapitalı 85 986 manatla 1 522 110 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmləri özəlləşdirməyə çıxarılan və ilkin start qiyməti ən çox olan müəssisə “Bakı Dəzgahqayırma” Açıq Səhmdar Cəmiyyətidir. Adı çəkilən müəssisənin səhmlərinin 44,65%-i 679 574 manata təklif olunur.

Hərraca çıxarılan nəqliyyat vasitələri müxtəlif markalıdır. Özəlləşdiriləcək avtomobillər arasında Rusiya və Avropa istehsalı olan maşınlar üstünlük təşkil edir. Nəqliyyat vasitələrinin istehsal tarixi 1981-2013-cü illər arasında dəyişir.

Tam siyahı ilə burada tanış olmaq mümkündür: (https://bit.ly/3mmNVpB).