Rusiyanın işğal etdiyi Ukraynanın Zaporojye vilayətinin başçısı Yevgeni Balitski regionun Rusiyaya birləşdirilməsi üçün referendumun keçirilməsi haqqında fərman imzalayıb.

"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, sənəd Zaporojye vilayətinin "Biz Rusiya ilə birlikdəyik" qanunsuz ictimai hərəkatının Melitopolda keçirilən forumu çərçivəsində imzalanıb. 

"Mən Mərkəzi Seçki Komissiyasının Zaporojye vilayətinin Rusiya Federasiyasına birləşdirilməsi ilə bağlı referendumun keçirilməsinə hazırlıq işlərinin başlanması haqqında sərəncamını imzalayıram", - deyə Balitski bildirib.

Həmçinin qeyd olunub ki, rayonun statusu ilə bağlı referendum sentyabrın birinci yarısında keçirilə bilər.

Ukrayna prezidenti Volodimir Zelenski "Telegram" kanalında ölkənin cənub bölgələrində keçirilən referendumların Rusiyanın sülh danışıqları üçün istənilən imkanını kəsəcəyini yazıb.

Kreml cavabında deyib ki, bu, Moskvanın deyil, region sakinlərinin istəyidir və Zelenskinin kimə - vətəndaşlara, yoxsa Rusiya rəhbərliyinə müraciət etdiyi bəlli deyil.

Rusiya Federasiya Şurası bəyan edib ki, parlamentin bu il payız sessiyasının əsas vəzifəsi Federasiyada "yeni ərazilərin inteqrasiyası" olacaq. 

Ağarza Elçinoğlu