Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Ruanda Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, səfir Fidelis Ntampaka Mironko etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında həm ikitərəfli səviyyədə, həm də beynəlxalq təşkilatlar çərçivəsində daha yaxın əlaqələrin qurulmasının zəruriliyini qeyd edərək Azərbaycanla Ruandanın BMT və Qoşulmama Hərəkatında əməkdaşlığına toxunub. Dövlət başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına verdiyi dəstəyə və Ruandanın ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəklədiyinə görə minnətdarlığını ifadə edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycanın bu istiqamətdə səylərinin əsas məqsədi vaksinlərin ədalətli bölüşdürülməsi və vaksin millətçiliyinə qarşı mübarizə olmuşdur. İkitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsinin zəruriliyini qeyd edən dövlət başçısı bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərlərinin təşkil olunmasının əhəmiyyətini vurğulayıb.

Səfir Fidelis Ntampaka Mironko Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin salamlarını dövlət başçısına çatdırıb, onun Azərbaycana səfərini ehtiramla xatırladıb.

Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Ruanda Prezidentinə çatdırmağı xahiş edib.

Səfir ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün Azərbaycanın müvafiq strukturları ilə bundan sonra da fəal təmasların qurulacağına əminliyini bildirib.

***

12:27

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri xanım Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, səfir Mariela del Karmen Sagel Rosas etimadnaməsini Prezident İlham Əliyevə təqdim edib.

Dövlət başçısı səfirlə söhbət edib.

Prezident İlham Əliyev ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə Qoşulmama Hərəkatında yaxşı əməkdaşlığın həyata keçirildiyini bildirib, Azərbaycanın bu təşkilata sədrlik müddətinin uzadılmasının, o cümlədən COVID-19 ilə bağlı ölkəmizin irəli sürdüyü təşəbbüslərin Panama tərəfindən dəstəkləndiyinə görə minnətdarlığını ifadə edib. Dövlət başçısı Azərbaycanın sədr kimi Qoşulmama Hərəkatının institusional inkişafı istiqamətində səylər göstərdiyini bildirərək bununla bağlı artıq iki mühüm tədbirin - Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransının və Qoşulmama Hərəkatı Gənclər Sammitinin çox uğurla keçirildiyini vurğulayıb və bunun Hərəkatın fəaliyyətinə yeni dinamika verdiyini deyib, bu baxımdan təşkilata üzv dövlətlərin dəstəyinin rolunu qeyd edib. Prezident İlham Əliyev Azərbaycanın təşkilata sədrlik müddətinin uzadılması barədə üzv dövlətlər tərəfindən yekdil qərarın qəbul edilməsini ölkəmizə göstərilən böyük dəstəyin və hörmətin ifadəsi kimi dəyərləndirib.

İkitərəfli münasibətlərə toxunan dövlət başçısı iqtisadi sahədə əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsinin və biznes dairələri arasında informasiya qıtlığının aradan qaldırılmasının zəruriliyini bildirib, yeni təyin olunan səfirin iki ölkənin əlaqələrinin genişləndirilməsi işinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Xoş sözlərə görə minnətdarlığını bildirən xanım Mariela del Karmen Sagel Rosas qeyd edib ki, Panama ərazisinin kiçik olmasına baxmayaraq, böyük iqtisadi-ticari imkanlara malikdir. Xanım Mariela del Karmen Sagel Rosas, bu baxımdan, ölkəsinin beynəlxalq hab olması imkanlarından istifadə edilməsinin mümkünlüyünü diqqətə çatdırıb. Səfir eyni zamanda ölkələrimiz arasında ticarət, mədəniyyət və digər sahələrdə əlaqələrimizin genişlənəcəyinə ümidvar olduğunu bildirib.

***

10:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 6-da Panama Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Mariela del Karmen Sagel Rosasın etimadnaməsini qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Həmçinin, Prezident İlham Əliyev Ruandanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Fidelis Ntampaka Mironkonun etimadnaməsini qəbul edib.