Gəncədə Məhərrəm ayında keçirilən mərasimlərlə əlaqədar genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılıb.

"Unikal" xəbər verir ki, Məhərrəmlik mərasimləri ilə əlaqədar yaradılan Qərargahın Gəncə Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilən “Tədbirlər Planı”na uyğun olaraq “İmamzadə” dini kompleksi və mərasim keçiriləcək digər ərazilərdə təmizlik və dezinfeksiya işləri görülüb. 

İşlər Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin, həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən aparılıb. 

“İmamzadə” dini kompleksi və ətrafında təmizlik işləri görülüb, ərazidə olan ağac və gül kollarına aqrotexniki qulluq göstərilib, yaşıllıqların suvarılması təmin olunub. Bununla yanaşı, ziyarətgah və mərasimlərin keçiriləcəyi digər ərazilərdə dezinfeksiya işləri aparılıb. 

Qeyd edək ki, görülən işlər Məhərrəm ayında keçirilən Tasua, Aşura, Ərbəin və digər dini mərasimlər zamanı Gəncənin “İmamzadə” dini kompleksinə gələcək sakinlərin, habelə şəhərimizin qonaqlarının rahatlığının təmin olunması məqsədi daşıyır.