"Azərbaycanın Londondakı səfirliyində törədilmiş təxribatın arxasında kimin dayandığını demək çətindir. Artıq bu təxribata görə 8 nəfər həbs olunub".

Bunu "Unikal"a açıqlamasında sabiq xarici işlər naziri Elmar Məmmədyarov deyib. Onun sözlərinə görə, həbs olunan şəxsləri dindirmək lazımdır:

"Bütün səbəblər istintaqla müəyyən edilməlidir. Məsələ ciddi təhlil olunmalıdır ki, bu təxribatın arxasında duran şəxsi müəyyən etmək mümkün olsun. Bu, çox ciddi məsələdir. Ona görə də Azərbaycan Britaniya höküməti ilə ciddi təmasda olmalı və birlikdə işləməlidir. 

Vyana Konvensiyasına uyğun olaraq, səfirliyin yerləşdiyi ölkə həmin binanın və orada çalışan şəxslərin təhlükəsizliyini tam təmin etməlidir. Bu, həmin ölkənin öhdəliyidir. Təxribat hadisəsindən sonra sual yaranır ki, deməli, Britaniya höküməti Azərbaycan səfirliyini belə qoruyur? Orada yəqin ki, ciddi nöqsanlar var. Həmin qruplaşma əvvəl də digər səfirliklərin binalarına hücum edib. 

Azərbaycan Britaniya hökumətindən tələb etməlidir ki, Londondakı səfirliyimizin binası tam şəkildə qorunsun", - deyə keçmiş nazir bildirib.

Xatırladaq ki, ötən gün Azərbaycanın Böyük Britaniyadakı səfirliyi dini radikal qrupun hücumuna məruz qalıb. Hadisə ilə əlaqədar 8 nəfər saxlanılıb. Bu gün isə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı səfirliyinin müvəqqəti işlər vəkili Xarici İşlər Nazirliyinə çağırılıb. Hadisə ilə əlaqədar olaraq XİN-ə çağırılan Britaniya müvəqqəti işlər vəkilinə qəti etiraz bildirilib.

Murad İbrahimli