Ermənistanın regionda formalaşan yeni düzəni pozmaq cəhdlərinə baxmayaraq bölgənin yeni iqtisadi xəritəsi formalaşmaqdadır. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, “Qisas” əməliyyatından 1 gün sonra İrəvan Laçın dəhlizinə alternativ yolun Ermənistan ərazisindən keçən hissəsinin tikintinsə başladığını elan edib:

"36 kilometrlik yolun cəmi 4 km-i Ermənistan ərazisinə düşsə də qarşı tərəf prosesi yubatmağa çalışırdı. Son qarşıdurmadan sonra isə rəsmi İrəvan mövcud reallığı bir daha qəbul etmək məcburiyyərində qaldı. Azərbaycan dəhlizə alternativ yolun tikintisini artıq tamamlamaq üzrədir. Ermənistan baş naziri bu arada Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında quru əlaqənin bərpa ediləcəyini bildirdi. İrəvanda artıq anlayırlar ki, üçtərəfli razılaşmada nəzərdə tutulanların yerinə yetirilməsinin alternativi yoxdur. Öhdəliklərə əməl edilməlidir".

Deputat bildirib ki, Zəngəzur dəhlizinin Azərbaycan ərazisindəki hissəsinin tikintisinin 57 faizi isə artıq tamamlanıb:

"Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təməli qoyulan və uzunluğu 123.6 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) tikintisi sürətlə davam etdirilir.  Bütün bunlar, Laçın dəhlizinə alternativ yolun və Zəngəzur dəhlizinin tezliklə istifadəyə veriləcəyindən xəbər verir. Bu isə region üçün yeni reallıqların başlaması demək olacaq. Dəhliz 1.2 tirlyon dollarlıq nominal ÜDM-i olan Türk dünyasını quru yolu ilə birləşməsinə imkan verəcək. Azərbaycan gücünü bir daha nümayiş etdirdi. Bu, revanişt meyillərin Ermənistan üçün hansı nəticələrə gətirib çıxaracağını bir daha göstərdi. Ölkələrin bir-birilərinin ərazi bütövlüyünü tanınmasının və davamlı sülhün alternativi yoxdur.  Başqa alternativlər haqda düşünmək isə Ermənistanın elə özü üçün ziyanlı olacaq".