Böyük Britaniyanın istefa verən baş naziri Boris Conson gələcəkdə bu vəzifəyə qayıtmağa çalışacaq.

"Unikal" lenta.ru-ya istinadən xəbər verir ki, Consonun fikrincə, istənilən varisin hakimiyyətə gəlməsi Mühafizəkarlar Partiyası üçün fəlakətə çevrilə bilər. Belə vəziyyətdə o, siyasi birliyi yenidən hakimiyyətə gətirə və baş nazir postunu tuta bilər.

“The Sunday Times” yazır ki, Conson istefasına səbəb olan bir sıra qalmaqallara baxmayaraq, sadiq tərəfdarları olaraq qalır. Qəzet vurğulayır ki, baş nazirə qarşı çıxan bəzi deputatlar yaşadıqları rayon sakinlərindən qəzəbli məktublar alırlar.

Qeyd olunur ki, Mühafizəkarlar Partiyasının 7,6 mindən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trasla birlikdə baş nazir postuna namizədlər siyahısına daxil edilməsini tələb edən petisiya imzalayıb.

Xatırladaq ki, iyulun 7-də Boris Conson vəzifəsini tərk etmək qərarını açıqlayıb. O, bu qərarı siyasi böhran və Britaniya hökuməti üzvlərinin istefa dalğası səbəbindən verib. İyulun 20-də parlamentdə sonuncu dəfə çıxış edən Consonun özü Britaniya siyasətində aparıcı rollara mümkün qayıdışa işarə edib. O, missiyasının “indiyə qədər əsasən yerinə yetirildiyini” deyib və həmkarları ilə "Terminator 2" filmindəki ifadə ilə “Sonra görüşənədək, balam!” sözləri ilə vidalaşıb (Hasta la vista, baby!).