Finlandiya və İsveç Brüsseldə NATO-ya üzv olmaq üzrə danışıqları başa çatdırıblar. Hər iki ölkə NATO üzvlüyünün siyasi, hüquqi və hərbi öhdəliklərini yerinə yetirməyə hazır olduqlarını və bacarıqlarını rəsmən təsdiqləyiblər.

"Unikal" xəbər verir ki, NATO rəsmiləri ilə Finlandiya və İsveç nümayəndələri arasında danışıqlar aparılıb. Finlandiya nümayəndə heyətinə xarici işlər naziri Pekka Haavisto və müdafiə naziri Antti Kaikkönen, İsveç nümayəndə heyətinə isə xarici işlər naziri Ann Linde başçılıq edib. Hər bir ölkə üzrə görüşlərə NATO baş katibinin siyasi məsələlər və təhlükəsizlik siyasəti üzrə köməkçisi Bettina Kadenbax sədrlik edib.

Danışıqlar başa çatdıqdan sonra müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin üzvlük protokollarını imzalamalıdırlar. Bundan sonra qoşulma protokolları bütün NATO ölkələrinə öz milli prosedurlarına uyğun olaraq ratifikasiya olunmaq üçün göndəriləcək.

Gültəkin Ələsgər