Dünən iki qadın fiziki zorakılığa məruz qalıb.

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib. 

O bildirib ki, qadının biri içki düşkünü olan atası və qardaşı tərəfindən yeddi yaşlı övladının gözü qarşısında döyülüb:

“O, 37-ci polis bölməsi tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Sosial Sığınacağına yerləşdirilənədək müvəqqəti Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzində reabilitasiya keçəcək.

Digər qadın da gecə saatlarında əri tərəfindən fiziki zorakılığa məruz qalaraq evdən qovulub. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Qaradağ rayonu 10-cu Polis Bölməsində şikayət ərizəsi var, ekspertizadan da keçirilib. Hazırda mühafizə orderinin alınması üçün qadını Qaradag Rayon İcra Hakimiyyətinə yönləndirmişəm”.

DİN-in Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarov bildirib ki, məsələ ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsində araşdırmalar aparılır:

“Hazırda Qaradağ RPİ-də tədqiqat araşdırmaları davam etdirilir. Qadının xəsarətinin müəyyən edilməsi üçün ekspertizaya göndərilib. Verilən rəydən sonra xəsarətin dərəcəsindən asılı olaraq, hadisəyə hüquqi qiymət veriləcək”.

Qeyd edək ki, qadının həyat yoldaşı onun əmisi oğludur.