Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən gün iğtişaşların baş verdiyi Qaraqalpaq Muxtar Respublikasının paytaxtı Nukus şəhərinə gedib.

"Unikal" Özbəkistanın yerli KİV-lərinə istinadən xəbər verir ki, prezident təyyarəsindən başqa, daha bir hökumət təyyarəsi də Nukusa uçub.

Ötən gün Özbəkistanın Daxili İşlər Nazirliyi ölkə Konstitusiyasına dəyişikliklərlə əlaqədar Nukusda qanunsuz nümayişin keçirildiyi barədə məlumat yayıb. Məlumata görə, ictimai qaydanın pozulması halları və vətəndaşlar tərəfindən müxtəlif hüquqpozmaların törədilməsinin qarşısının alınması məqsədilə əraziyə hüquq-mühafizə orqanlarının qüvvə və vasitələri cəlb edilib.

Hüquq-mühafizə orqanları iğtişaş təşkilatçılarından bir qrupunu saxlayıblar. Qanunsuz nümayişin ölkədə aparılan konstitusiya islahatlarının yanlış şərh edilməsi nəticəsində edildiyi qeyd olunur.