“2022-ci ilin 6 ayı ərzində “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə 217 min 136 müraciət daxil olub. Ötən ilin eyni dövründə isə bu rəqəm 158 min 873 olub”.

"Unikal" xəbər verir ki. bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Müştəri xidməti şöbəsinin rəisi Fərid Mustafazadə “Açıq qapı” aksiyasında deyib.

Şöbə rəisi qeyd edib ki, “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə daxil olan müraciətlərin sayı ilbəil artmaqdadır: “Daxil olan müraciətlərin hamısı icra olunub, vətəndaşlara bütün xidmətlər göstərilib”.

Fərid Mustafazadə fərdi qazlaşma sahəsində baş verən yeniliklərdən də danışıb: “Əvvəllər vətəndaşlar fərdi qazlaşma ilə bağlı “ASAN Kommunal” və “ASAN xidmət” mərkəzlərinə müraciət edirdilər. İndi bu mərkəzlərə müraciət etmədən “Azəriqaz” İstehsalat Birliyinin rəsmi internet səhifəsində lisenziyalı podratçı şirkətlərin siyahısını görmək olar. Bu siyahını İstehsalat Birliyi deyil, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti müəyyən edib və həmin podratçı şirkətlərə lisenziya verib. Vətəndaşlar müstəqil şəkildə bu siyahı ilə tanış olub istənilən podratçı şirkəti seçə bilər. Əgər podratçı şirkətlə vətəndaş arasında hər hansı bir problem olarsa, buna SOCAR “Azəriqaz” İstehsalat Birliyi məsuliyyət daşımır”.