İyulun 1-də Lənkəran Dövlət Universitetində məzun günü təşkil olunub.

"Unikal" xəbər verir ki, məzun günündə bakalavriat səviyyəsində 26 ixtisas üzrə 784 nəfər, magistratura səviyyəsində 24 ixtisaslaşma üzrə 111 nəfər məzun adını qazanıb. Dövlət himnimizin səslənməsi ilə başlayan tədbirdə Ulu öndər H.Əliyevin və Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda qurban gedən şəhidlərin xatirəsi 1 dəqiqəlik sükütla yad edilib. LDU-nun rektoru Natiq İbrahimov universitetin son illərdə təhsilin inkişafı istiqamətində uğurlarından, maddi-texniki bazanın əsaslı şəkildə yenilənməsindən, dünya standartlarına uyğunlaşdırılmasından danışıb.

Məzun günündə müstəqil həyata mütəxəssis kimi vəsiqə alan məzunları təbrik edən Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov bildirib ki, LDU rayonun və eləcə də ölkənin kadr potensialının formalaşmasında xüsusi yeri olan təhsil ocaqlarındandır. İcra başçısı son dövrlər LDU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, məzunların praktik hazırlıq səviyyəsinin artırılması və kadrların müasir tələblərə cavab verməsi istiqamətində görülən kompleks işlərdən məmnunluğunu ifadə edib, bütün bunların ölkəmizin başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti və qayğısı sayəsində mümkün olduğunu qeyd edib. Daha sonra təhsil dövründə fərqlənən məzunlar mükafatlandırılıb və universiteti fərqlənmə ilə bitirən bakalavr və magistlərə diplomlar təqdim edilib.