BMT Təhlükəsizlik Şurası iyulda Ukrayna ilə bağlı iclas keçirəcək və orada “taxıl dəhlizi”nin təşkili üzrə danışıqların nəticələrini təsdiq edə bilər.

"Unikal" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının sədri Ronaldo Kosta Filyonun bəyanatında deyilir:

"Bu gün, bəlkə də, Ukrayna gündəmin ən mühüm məsələsidir. Bizim planımız Ukrayna ilə bağlı ərzaq təhlükəsizliyi aspektinə həsr olunmuş iclas keçirməkdir. Bu aspekt təkcə regionun əhalisinə deyil, bütün dünyaya birbaşa təsir edir". 

Onun sözlərinə görə, tarixi hələ müəyyən edilməmiş bu görüşdə onlar Ukrayna taxılının ixracı ilə bağlı danışıqların nəticələrini təsdiq edə və ya kəskin ziddiyyətləri aradan qaldıra bilərlər.

Qeyd edək ki, BMT Ukraynadan məhsulların ixracı üçün Qara dənizdə “taxıl dəhlizi”nin təşkili üzrə danışıqların iştirakçılarından biridir.

Xatırladaq ki, bir müddət əvvəl “taxıl dəhlizi”nin təşkilində iştirak edən Türkiyədə də onun işə salınmasına 3-4 həftə vaxt lazım olduğunu bildirmişdilər.

Gözlənilir ki, tərəflər İstanbulda keçiriləcək görüşdə bu barədə razılığa gəlsinlər,lakin bunun nə vaxt baş tutacağı hələ bəlli deyil.

Rusiya donanması Ukrayna limanlarını bağladığından, Ukrayna Qara dəniz vasitəsilə taxıl ixrac edə bilmir. 

Gültəkin Ələsgər