Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təntənəli “Məzun Günü” qeyd edilib.

"Unikal" xəbər verir ki, Bakı Kristal Zalda keçirilən təntənəli mərasimdə universitetin rəhbərliyi, professor-müəllim heyəti, məzunlar və valideynlərlə yanaşı, dövlət rəsmiləri, millət vəkilləri, xarici qonaqlar, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Məzun Gününün açılışında çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov bu gün 3478 bakalavr, 1678 magistr olmaqla, 5166 tələbənin məzun olduğunu deyib. Məzunları təbrik edən rektor, onları qarşıda yeni sınaqların gözlədiyini, bu parlaq gənclərin bütün sınaqların öhdəsindən layiqincə gələrək, uğur qazanacaqlarından əminliyini ifadə edib. Bu uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən gənclərin təhsili ilə bağlı dövlət siyasətinin, eyni zamanda Birinci vitse-prezident Mehriban Əliyevanın təhsilə diqqət və qayğısının dayandığını vurğulayıb.

UNEC-in tələbə və məzunlarının yalnız bilik və bacarıqları ilə deyil, vətənpərvərlikləri ilə də adlarını tarixə yazdıqlarını, 44 günlük Vətən müharibəsində onlarla tələbənin, yüzlərlə məzunun qanı-canı bahasına qəhrəmanlıqla döyüşdüyünü, bu şanlı Zəfər tarixinə adlarını əbədi həkk etdiklərindən qürur duyduğunu bildirib.

Ə.Muradov UNEC tələbələrinin 4 il ərzində biri Avropa diplomu olmaqla, 3 diplomla məzun olmaq imkanı əldə etdiklərini diqqətə çatdırıb. Yüksək bilik və bacarıqlara yiyələnən məzunların iş dünyasında peşəkar mütəxəssis kimi önəmli yer tutacaqlarından, ölkənin hərtərəfli inkişafına öz töhfələrini verəcəklərindən əmin olduğunu qeyd edib.

Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev UNEC-in ali təhsil müəssisələri arasında özünəməxsus yeri olduğunu və ölkənin iqtisadi inkişafına dəyərli töhfələr verdiyini bildirərək, ölkənin bilikli və bacarıqlı gənclərə daim ehtiyac olduğunu deyib. Məzunlara təbriklərini çatdıra təhsil naziri, onlara özlərini daim inkişaf etdirməyi tövsiyə edib.

Məzun Günündə iştirak edən Fransanın Azərbaycandakı səfirliyinin əməkdaşlıq və mədəniyyət üzrə konsulu, Fransız İnstitutunun direktoru Kelle Jerome UNEC ilə Fransanın Montpellier Universiteti arasında 6 ildir ki, reallaşdırılan ikili diplom proqramının əhəmiyyətindən söz açıb. Yeni tədris ilindən UNEC-in 12 tələbəsinin proqram çərçivəsində Fransada təhsil alacağından qürur duyduğunu bildirən səfirlik nümayəndəsi, UNEC ilə Fransa universitetləri arasında əməkdaşlığı digər sahələrdə də inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
Sonra UNEC-in Fransanın Montpellier Universiteti ilə ikili diplom proqramlarının məzunlarına həmin universitetin diplomları təqdim olunub.

Məzun Günündə UNEC-i bakalavr səviyyəsi üzrə ən yüksək ortalama (99,58) ilə bitirən və adı UNEC-in Fəxri daşına həkk edilən Beynəlxalq İqtisadiyyat Məktəbinin (ISE) tələbəsi Nihad Paşazadə çıxış edib. Sonra bütün məzunların andiçmə   mərasimi keçirilib və UNEC bayrağı III kursu ən yüksək ortalama ilə bitirən Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Ayan Nəbiyevaya təhvil verilib.

Ənənəvi “papaqatma” mərasimindən sonra Məzun Günü əyləncəli proqram ilə davam edərək, məzunlara unudulmaz anlar yaşadıb.