May ayının 21-də ADNSU-da sayca XII Məzun-Karyera Sərgisi keçirilib. Sərgidə 73 dövlət qurumu və özəl şirkət, o cümlədən Energetika Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Qida Təhlükəsizliyi Agentliyi, SOCAR, “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, “Bakı Metropoliteni” QSC, “AzerGold” QSC, “Azercell”, “Azerfloat” QSC və digər dövlət və özəl qurumları iştirak edib. Ümumilikdə ADNSU-nun tələbə və məzunlarına sərgidə 219 vakant iş yeri və 270 təcrübə yeri təklif olunub.

"Unikal" xəbər verir ki, sərgidə ADNSU-nun rektoru, professor Mustafa Babanlı iştirakçıları salamlayaraq universitetdə ənənəvi olaraq keçirilən Məzun-Karyera Sərgisinin tələbə və məzunların işlə təmin olunmasında və təcrübə imkanlarının genişlənməsində mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, Məzun-Karyera sərgiləri məzun və işəgötürənlərin qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri qura bilməsi üçün əlverişli platformadır. Milli iqtisadiyyat və sənaye üçün yüksəkixtisaslı kadrların yetişdirilməsinin universitetin qarşısında prioritet məsələ kimi dayandığını vurğulayan rektor M.Babanlı sərgidə iştirak edən bütün qurumların nümayəndələrinə təşəkkürünü bildirib.

Sərginin açılış mərasimində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli çıxış edərək Azərbaycanda gənclərə göstərilən diqqət və qayğıdan söz açıb. O, qeyd edib ki, belə sərgilərin təşkili önəmlidir, tələbələr və universitetlərlə olan işbirliyi həm də əmək bazarına olan tələbləri ehtiva edir. M.Abbasbəyli əlavə edib ki,  gənclərin ixtisaslı mütəxəssis kimi yetişməsi ilə yanaşı, əmək bazarına və ixtisasına uyğun işlə təmin olunması daim diqqət mərkəzində saxlanılmalıdır.

Bəli, ADNSU-da keçirilən Məzun-Karyera Sərgiləri ilə gənclərin həm də ixtisasına uyğun və zamanında işlə təminatına zəmin yaradır, dəstək olur. Hətta iki ilə yaxın davam edən Pandemiya şəraitidində də bu ənənə mövcud şəraitə uyğun davam etdirildi. 2020-ci ilin ilk aylarından başlayaraq dünyanı cənginə alan Koronovirus epidemiyası Azərbaycandan da yan keçmədi. Elə həmin ilin mart ayından başlayaraq ali təhsil müəssisələrində, o cümlədən ADNSU-da onlayn təhsil sitemi quruldu və təhsil onlayn formatda davam etdirildi. İki ilə yaxın sərt şəkildə davam edən pandemiya şəraiti ilə bağlı olaraq tədris prosesi ilə yanaşı, universitetdə tədbirlər, görüşlər, konfranslar və digər zəruri tədbirlər də onlayn formatda davam etdirildi. Odur ki, 2020-ci iyunun 11-də ADNSU-da ilk dəfə onlayn formatda Məzun-Karyera Sərgisi keçirildi.  Bu, universitetdə sayca VIII sərgi idi. Əvvəlki sərgilərlə müqaisədə şirkətlərin sayı az olsa da, amma sərgi yeni formatda baş tutdu, müəssisə və təşkilatlar müəyyən olunmuş qaydalarla onlayn formatda öz təcrübə və vakant iş yerlərini ziyarətçilərə təqdim edə bildilər. Pandemiyanın uzun müddətli davam etməsi ilə əlaqədar olaraq IX, X və XI Məzun-Karyera sərgiləri də onlayn formatda keçirildi. Biri-birindən fərqli olan bu sərgilərdə universitet tərəfindən yaradılmış saytda ("career.asoiu.edu.az") şirkət və müəssisələrin elan etdiyi iş və təcrübə yerləri haqqında məlumatlar, müraciət edənlərin CV məlumatlarının mərkəzləşdirilmiş formada sayt vasitəsi ilə qəbul edilməsi və ortaq platformadan idarə olunması onlayn formatda keçirilən sərgiyə marağı daha da artırdı. Ənənəvi formata uyğun olaraq onlayn formatda da müəssisələr tərəfindən təklif olunan iş və təcrübə yerlərinin sayı daha da artdı. Nümunə üçün qeyd edək ki, 2021-ci il dekabrın 23-də ADNSU-da onlayn formatda keçirilən XI Məzun-Karyera Sərgisində 82 dövlət qurumu və özəl şirkət tərəfindən 234 vakant iş yeri və 270 təcrübə yeri təqdim olunmuşdu. Hər kəs "career.asoiu.edu.az" saytına daxil olub özəl və dövlət qurumlarının təqdim etdiyi vakant iş yerləri ilə tanış ola, müvafiq şirkət və daha sonra vəzifəni seçib CV-lərini göndərə bilər. Yuxarıda qeyd olunduğu kimi, ilk dəfə olaraq pandemiyadan sonra ötən ənənəvi formatda Məzun-Karyera Sərgisi keçirildi, ancaq hazırda da pandemiya vaxtı yaradılan sayt aktivdir, iştirakçılar CV-lərini sərgidə birbaşa şirkət nümayəndələrinə təqdim etməklə yanaşı, elektron formatda da məlumatlarını aiddiyəti müəssisəyə göndərə bilərlər. 

Bundan əlavə, universitetin Məzun-Karyera Mərkəzinin mütəxəssisi Aytac Məlikovanın təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərin mütəxəssisləri ilə ADNSU tələbələri arasında görüşlər keçirilir, tələbələr üçün master-klasslar  təşkil olunur. Bu da sözsüz, yuxarı kurs təlbələrinə karyera qurmaq, onların ixtisaslarına uyğun işlərlə tanış olmaq və  bu istiqamətdə olan fürsətlərdən elə tələbə ikən yararlanmaq imkanı yaradır. 

Ümumilikdə qeyd edə bilərik ki, bu sərgilərdə şirkət nümayəndələrinin təqdim etdikləri vakansiyalar, təcrübə proqramları tələbə və məzunların karyera imkanlarının artırılması, işəgötürənlərlə ilkin əlaqələr qurmalarına şərait yaradılması ilə yanaşı, onların əmək bazarına inteqrasiyasını təmin edir. Həmçinin, məzunlarımızın işəgötürənlərlə bir platformada ortaq məxrəcə gəlməsi onların ixtisaslarına uyğun peşə seçimində də ciddi rol oynayır, uyğun işlə təminatına təkan verir.