Finlandiya və İsveç bütün terror təşkilatlarının Türkiyəyə qarşı həyata keçirdiyi hücumları açıq və birmənalı şəkildə pisləyirlər, PKK və bütün digər terror təşkilatlarının və əlaqəli şəxslərin fəaliyyətinin qarşısını almağı öhdəsinə götürürlər.

"Unikal" xəbər verir ki, bu barədə Madriddə üç ölkə arasında imzalanan memorandumda deyilir.Qeyd olunur ki, bu iki ölkə terrorla mübarizə üzrə milli qanunvericiliyə düzəlişlər etmək öhdəliyini üzərlərinə götürürlər.

Bundan əlavə, isveç və Finlandiya Türkiyəyə qarşı müdafiə sənayesi sahəsində embarqo məhdudiyyətlərinin qaldıraraq əməkdaşlığı artıracaq. 

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə, Finlandiya və İsveç arasında imzalanan üçtərəfli memorandumdan məmnunluğunu ifadə edib.

O, bildirib ki, NATO ölkələrinin liderləri sabah İsveç və Finlandiyanı Alyansa üzvlüyü barədə qərar verəcək.

xxx

22:47

Madriddə keçirilən danışıqlardan sonra Türkiyə, İsveç və Finlandiya üçtərəfli birgə memorandum imzalayıb.

"Unikal"  bu barədə "Anadolu" agentliyinə istinadən xəbər verir.

xxx

20:17

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Madrid sammitində iştirak üçün səfər etdiyi İspaniya paytaxtında Finlandiya prezidenti Sauli Niinistö və İsveçin baş naziri Maqdelena Anderssonla görüşüb.

"Unikal" xəbər verir ki, danışıqlar NATO-nun baş katibi Yens Stoltenberqin təşəbbüsü ilə baş tutub.

Görüşdən əvvəl jurnalistlərə açıqlamalar verən alyans rəhbəri bugünkü dördtərəfli görüşdə irəliləyiş əldə edəcəklərnə ümidli olduğunu, NATO-ya daxil olacaq ölkələrin bütün müttəfiqlərin təhlükəsizliyini nəzərə almalı olduqlarını bəyan edib. O, həmçinin taxıl böhranı ilə bağlı səylərinə görə Türkiyəyə minnətdarlıq edib.

Qeyd edək ki, toplantı mətbuata qapalı keçirilib.