İyunun 28-30-da Poltava vilayətinin Kremençuk şəhərində Rusiya hərbçilərinin “Amstor” ticarət və əyləncə mərkəzinə endirdiyi raket zərbəsi nəticəsində həlak olanlar üçün matəm elan edilib.

"Unikal" xəbər verir ki, bu barədə Kremençuk meri Vitali Maletski məlumat yayıb. 

"Kremençuqda dövlət bayraqları endiriləcək. Bu günlərdə hər hansı əyləncə tədbirlərinin keçirilməsi qadağandır. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Baş verənlər Kremençukun müasir tarixində ən böyük faciədir. Kremençuq icması müharibə və mülki şəxslərə hücuma görə məsuliyyət daşıyanların məsuliyyətə cəlb olunmasını tələb edir. Biz unutmayacağıq, bağışlamayacağıq!", - Maletsky vurğulayıb. 

Xatırladaq ki, iyunun 27-də iki Rusiya raketi Poltava vilayətinin Kremençuk şəhərinə düşüb. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, raketlərdən biri stadiona, digəri isə təxminən 1000 nəfərin olduğu ticarət mərkəzinə düşüb. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı bildirib ki, işğalçılar Kursk vilayətindən ticarət mərkəzinə səsdən sürətli X-22 qanadlı raketləri ilə hücum ediblər. Ölümcül raketlər Tu-22M3 bombardmançılarından atılıb. Rusiya Hərbi Hava Qüvvələrinin 52-ci bombardmançı alayının komandiri polkovnik Oleq Timoşin Kremençuka raket zərbəsi endirmək əmri verib. Rusiyanın zərbəsi nəticəsində 18 nəfərin öldüyü məlumdur. 59 nəfər tibbi yardıma müraciət edib, onlardan 25-i Kremençukdakı reanimasiya xəstəxanasına yerləşdirilib. Daha 36 nəfər itkin düşüb.

Gülayə Mecid