ABŞ Konqresi Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırım kimi tanıyan ikitərəfli qətnamə layihəsi hazırlayıb.

"Unikal"  "Foreign Policy"yə istinadən xəbər verir ki, qətnamədə iddia edilir ki, Ukrayna vətəndaşlarının heç bir fərq qoymadan öldürülməsi, doğum evlərinə və xəstəxanalara hücumlar, yüz minlərlə insanın Rusiyaya deportasiyası BMT-nin müvafiq Konvensiyasında nəzərdə tutulmuş soyqırım meyarlarına cavab verir.

Nəşr qeyd edir ki, qətnamə hüquqi qüvvəyə malik deyil, lakin bu, Rusiyanın hərəkətlərinin pislənməsinə işarədir və Konqres üzvlərinin Ukraynaya davamlı dəstək göstərmək səylərinə dəlalət edir.

Xatırladaq ki, aprel ayında ABŞ prezidenti Co Bayden Rusiyanın Ukraynadakı hərbi cinayətlərini soyqırım aktı kimi qiymətləndirmişdi. Onun sözləri Kanada və Böyük Britaniyanın baş nazirləri tərəfindən də səslənib, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Olaf Şolz isə bu termindən istifadə etməkdən imtina ediblər.

Bundan əlavə, Ağ Ev Rusiyanın Ukraynada qətliamları əvvəlcədən planlaşdırdığını bildirib.

Gültəkin Ələsgər