Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

"Unikal"ın məlumatına görə, generar-mayor rütbəsi ilə təltif edilən polkovniklərdən biri 47 yaşlı Zaur Rüstəmovdur. Azərbaycan Hərbi Hava Qüvvələrinin zabiti olan Rüstəmov Türkiyədə hərbi təhsil alıb. 1996-cı ildə Azərbaycanın ilk milli hərbi təyyarəçiləri olaraq vətənə qayıdanlardan biridir. Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş paradda və 8 noyabr Zəfər paradında təyyarəçilərə öndərlik edib. 

O, Aprel döyüşlərində və Vətən müharibəsində iştirak edib. "Qarabağ" ordeni, "Vətən uğrunda", “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə” medalları ilə təltif olunub.

Bundan başqa, Z.Rüstəmov bu ilin may ayında Bakıda keçirilən "Teknofest" festivalında iştirak üçün Azərbaycana gələn “Baykar Texnologiya”nın rəhbəri Səlcuk Bayraktarla Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiG-29 qırıcı təyyarəsi ilə uçub edib. Belə ki, S.Bayraktarı uçuş zamanı pilot, polkovnik Zaur Rüstəmov müşayiət edib.

S.Bayraktarın uçduğu MiG-29 "Baykar" şirkəti tərəfindən hazırlanmış Bayraktar AKINCI TİHA ilə paralel uçuş həyata keçirib.

Anar Kəlbiyev