Azərbaycan Prezidenti cənab İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına dövlət səfəri öz zəngin proqramı ilə yadda qaldı. Baş tutan bu səfər və səfər çərçivəsində imzalanan sənədlər Azərbaycan-Özbəkistan münasibətlərinin yeni mərhələyə qədəm qoyması kimi qiymətləndirilməlidir. Düzdür, ölkələrimiz arasında münasibətlərin qədim tarixi var. Təbii ki, iki ölkə arasında münasibətlərin mövcudluğunun bir sıra səbəbləri vardır. Bu səbəblərə xalqlarımızın eyni soy-kökə, ortaq mədəniyyətə malik olmaları, həmçinin xalqımızın ümummilli lideri Heydər Əliyevin Özbəkistan rəhbərləri olmuş Şərəf Rəşidov və İslam Kərimov ilə olan dostluq münasibətləri də daxildir. Bir sözlə, bütün bunlar iki ölkə arasında münasibətlərin bugünkü inkişafının təməlini təşkil edir. 

Ölkələrimiz müstəqil siyasət yürüdən iqtisadi cəhətdən güclü dövlətlərdir. Hazırda Azərbaycan və Özbəkistan arasında qarşılıqlı əlaqələr daha da invensivləşdirilir.  Cənab Prezident İlham Əliyev hər bir ölkə ilə, xüsusilə də türkdilli ölkələrlə münasibətlərin yüksək səviyyədə olmasında maraqlıdır. Bunun üçün də düşünülmüş xarici siyasət yürüdülür. Azərbaycan Prezidentinin Özbəkistana dövlət səfəri də bu deyilənlərə bir nümunədir. Səfər zamanı əldə edilən razılaşmalar, iki ölkə arasında müxtəlif sahələri əhatə edəcək əməkdaşlığa dair imzalanan sənədlər ölkələrimizin münasibətlərini inkişaf etdirməklə yanaşı iqtisadi imkanlarımızın da qarşılıqlı formada artmasına təkan verəcəkdir. 

Cənab Prezident İlham Əliyevin iyunun 21-də Özbəkistana dövlət səfəri zamanı imzalanan strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə Azərbaycan-Özbəkistan  münasibətlərin gələcək inkişafında çox mühüm əhəmiyyətə malik olacaq bir sənəddir. Bu Bəyannamədə iki ölkənin xarici siyasətinin prioritetləri əksini tapıb, dövlətlərimizin ərazi bütövlüyünün, müstəqilliyinin, suverenliyinin qarşılıqlı dəstəklənməsi ifadə olunub, eləcə də həyat fəaliyyətinin müxtəlif istiqamətləri üzrə konkret məsələlər və hədəflər müəyyən edilib. Məhz bütün bunlara görə cənab Prezident İlham Əliyev strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannaməni iki ölkə arasında gələcək fəaliyyətin yol xəritəsi adlandırdı. 

İmzalanan Bəyannamədən irəli gələrək ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq ki, bu da iki ölkə arasında daha çox əməkdaşlıq və qarşılıqlı dəstəyi təmin edəcəkdir. Bunun əsasını isə iki ölkənin liderlərinin siyasi iradəsi, eləcə də iqtisadi imkanlar təşkil edir. Nəzərdə tutlan planların həyata keçirilməsi üçün isə həmçinin Xəzər, Mərkəzi Asiya və Cənubi Qafqaz regionlarının sülhə, sabitliyə ehtiyacı var. Odur ki, qeyd olunan region ölkələrinin bu istiqamətdə birgə fəaliyyəti təmin edilməlidir. 

Sülh və sabitliyin təmin olması üçün eyni zamanda ölkələrin özünümüdafiə imkanları da yüksək olmalıdır. Bu baxımdan hərbi və hərbi-texniki sahələrdə nəzərdə tutulan əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan və Özbəkistan bu sahadə təcrübə mübadiləsi aparmaq, hərbi-texniki sahədə, müdafiə istiqamətli təhsil sahəsində əməkdaşlıq üzrə fəal əlaqə saxlamaq, ölkələrimizin təhlükəsizliyinin qarşılıqlı möhkəmləndirilməsi üçün  birgə addımlar atmağı planlaşdır. Bütün bunlardan əlavə olaraq ölkələrimiz bir-birinə qarşılıqlı dəstək  olacaqlar. Bu qarşılıqlı dəstək həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələləri özündə ehtiva edəcək. Bir sözlə, imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə ölkələrimiz arasındakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdıracaq.

Əlişah Rəcəbov
YAP Ağdaş rayon təşkilatının sədri