Rusiya Federasiyası Belarusu Ukraynaya qarşı müharibəyə cəlb etmək üçün Belarusun Mozır şəhərində yaşayış binalarını partlatmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, Rusiya infrastruktur və mülki əhaliyə qarşı bir sıra təxribatlar vasitəsilə Belarusu Ukrayna ilə hərbi münaqişəyə cəlb etməyə çalışacaq: "Bunun üçün mülki şəxslər adı altında Mozır şəhərinə təxribat qrupları gəlib. Onların arasında Rusiya Federasiyasının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları və müdafiə naziri Sergey Şoyqunun nəzarətində olan özəl hərbi şirkətlərin muzdluları da var". 

Əlavə olaraq qeyd edilib ki, bu qruplaşmaların planlarına Belarus ərazisində silsilə terror aktları təşkil etmək daxildir. Yəni Çeçenistanda müharibə başlayanda Rusiyada istifadə edilən ssenariyə oxşar ssenaridən istifadə olunacaq. 

Bundan sonra, sözügedən məlumatı alan Belarus ordusunun zabitləri ailələrini Mozırdan təxliyə etməyə başlayıblar.

Ağarza Elçinoğlu