Qubadlı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Qubadlı rayon təşkilatının birgə təşkilatçılığı ilə 23 iyun 2022-ci il tarixində Sumqayıt şəhər Şəhidlər Xiyabanında Şəhid Adıyev Həmzə Qardaşxan oğlunun doğum günü ilə bağlı tədbir keçirilib. 

"Unikal" xəbər verir  ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev, YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov, RİH-in məsul işçiləri, idarə, müəssisə, təşkilat rəhbərləri, Sumqayıt şəhər Cümə məscidində dini ayinlərin icraçısı Behçət Əfəndiyev, Şəhidimizin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eyni zamanda ictimaiyyət nümayəndələri və Dondarlı kənd sakinləri iştirak ediblər. 

Əvvəlcə Sumqayıt şəhər Cümə məscidində dini ayinlərin icraçısı Behçət Əfəndiyev Şəhidin ruhuna dualar oxunulub. 

Vətənpərvərlik mövzusunda və şəhidlərimizin ruhuna həsr olunmuş şeirlər səsləndirilib. 

Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Haxverdiyev qeyd etdi ki, Adıyev Həmzə Birinci Qarabağ müharibəsində gedən şiddətli döyüşlərdə fədakarlıqla vuruşub. 1992-1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən döyüşlərdə fəal iştirak etmiş, onlarla erməni quldurunu məhv etmiş və şəhidlik zivəsinə ucalmışdır. 

Qeyd olundu ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizin qəhrəmanlığı, xalqın birliyi və ədalətli mövqeyi “dəmir yumruq”da birləşərək işğalçıya sarsıdıcı zərbə vurmuşdur. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirdilər. Prezident İlham Əliyev hərbi sahədə olduğu kimi diplomatik və informasiya savaşı cəbhəsində də misilsiz rəşadət göstərmişdir. Belə ki, müharibənin gedişində və müharibədən sonra onlarla aparıcı xarici KİV-ə müsahibələr vermişdir. 44 günlük müharibədə Ordumuzun qəhrəmanlığı, Ali Baş Komandanın qətiyyəti ermənilərin və havadarlarının bölgədəki siyasətinin iflası ilə nəticələndi. Bütün təzyiqlərə, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. 

Çıxış edən  YAP Qubadlı rayon təşkilatının sədri Təhmasib Rüstəmov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ötən illər ərzində böyük inkişaf yolu keçdiyini, Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələri sırasında olduğunu, eyni zamanda da 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsini, ölkəmizin regionda və dünyada mövqelərini daha da möhkəmləndirdiyini diqqətə çatdıraraq, bunu həyata keçirilən uğurlu siyasətin nəticəsi olduğunu vurğulamışdır. Ulu Öndərin ənənələrinə daim sadiq qalan Azərbaycan Prezidenti İlham Əliyev onun arzu və ideyalarını müvəffəqiyyətlə həyata keçirir. 

Dövlətimiz Şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi üçün mütəmadi tədbirlər görür. Onlara təyin edilən Prezident təqaüdü,  mənzil şəraitlərinin yaxşılaşması üçün atılan addımlar həmin ailələrin maddi rifah halının yaxşılaşmasına göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Sonra çıxış edənlər– şəhidin döyüş yoldaşları Təyyar Eminov, Sadiq Paşayev, Abışov Cəmaləddin şəhidin yaxınlarına başsağlığı verdilər və Həmzə Adıyev barədə xatirələrini bölüşdülər. Sonra şair Elbrus Qayalı Şəhidə həsr etdiyi şeiri səsləndirib. 

Şəhidin qardaşı Adıyev Allahverən, bacıları, Şəhid Abışov Siracın atası Abışov Abış göstərdiyi diqqət və qayğıya görə Ali Baş Komandan Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqova və Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcova minnətdarlıqlarını bildirdilər. 

Adıyev Həmzə Qardaşxan oğlu 1974-cü ildə Qubadlı rayonunun Dondarlı kəndində anadan olmuşdur. 1991-ci ildə doğma kəndində orta məktəbi bitirib, Neft və Kimya İnstitutunun Sumqayıt filialına qəbul olunmuşdu. Orta məktəbdə oxuduğu illərdə idman yarışlarında iştirak etmişdi. Respublika birinciliyində 5 dəfə birinci, 4 dəfə ikinci yeri tutmuşdu. 1990-cı ildə Belorusiyada keçirilən güləş üzrə Ümumittifaq yarışında ən yüksək pilləyə qalxaraq birinci dərəcəli diploma layiq görülmüşdü. 

Qarabağ hadisələri gənc pəhləvanı hiddətləndirirdi. O, erməni təcavüzünə dözməyərək ali məktəbdə təhsilini yarımçıq qoymuş, silaha sarılmış, ana yurdun müdafiəsinə qalxmışdı. Həmzə rayonun sərhəd kəndlərində gedən döyüşlərdə fədakarlıqla vuruşmuşdur. 1992-1993-cü illərdə Zəngilan, Cəbrayıl, Laçın və Ağdam rayonlarında gedən şiddətli döyüşlərdə fəal iştirak etmiş, onlarla erməni quldurunu məhv etmişdir. Son döyüşü 1994-cü il yanvarın 6-da Ağdamın Güllücə kəndində olmuşdur. Həmin gün cəsur döyüşçü igidliklə vuruşmuş, şəhidlik zirvəsinə ucalmışdır. Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn olunmuşdur. Subay idi.

Allah rəhmət eləsin!