Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun birgə təşkilatçılığı ilə “Bağçılıqda prioritet istehsal sahələrinin inkişafında elm-tədris-istehsalat tendensiyasının tətbiqi və nəzəriyyədən praktikaya gedən yol” adlı konfrans təşkil olunub. 

"Unikal" xəbər verir ki, konfransda çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov meyvəçilik və tərəvəzçiliyin ölkəmizdəki tarixindən, hal-hazırdakı mövcud vəziyyətindən və bu sahəyə göstərilən dövlət dəstəyindən bəhs edərək, bu sahədə görülən işlərə ADAU və Elmi-Tədqiqat İnstitutlarının birgə dəstək verməsinin zəruri olduğunu diqqətə çatdırıb.

Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru dosent İlham Qaraqurbanlı “Müasir dünya bağçılığı: nəaliyyətlər, problemlər və perspektivlər” mövzusunda, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov “Üzümçülükdə mövcud potensial və perspektiv inkişaf” mövzusunda, Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu publik hüquqi şəxs idarə heyətinin sədri fəlsəfə doktoru Elmar Allahverdiyev “Tərəvəzçiliyin davamlı inkişafında əsas tendensiyalar və innovativ texnologiyalar”, ADAU-nun Bağçılıq kafedrasının əməkdaşı professor Zaur Həsənov “Sitrus meyvəçiliyinin inkişafına innovativ yanaşmalar”  mövzusunda təqdimatlar edib.

Sonda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb. 

Konfrans günün ikinci yarısında bölmələrdə davam etdirilib.