Ötən il Azərbaycan və Özbəkistan arasında ticarət dövriyyəsi 111 milyon 903 min dollar olub. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bu, 2020-ci ilə nisbətən 16 faiz artım deməkdir:

"Pandemiya ilində ölkələr 82 milyon 318 min dollarlıq dövriyyəyə malik olublar. Bununla belə, Azərbaycan və Özbəkistan pandemiya dövründə öz aralarındakı ticari dövriyyələrini qoruyub saxlaya və hətta artıra biliblər. Belə ki, 2019-cu ildə dövriyyə 81 milyon 962 min dollar idi. 2011-ci ildə Azərbaycan Özbəkistandan 78 milyon 431 min dollarlıq mal idxal edib. Bu əvvəlki ilə nisbətən 32.5 faiz artım deməkdir. Mərkəzi Asiya dövlətinə isə ötən il 33 milyon 490 min dollarlıq mal ixrac etmişik və burada da 44.9 faiz artım qeydə alınıb".

Deputat bildirib ki, xarici ticari əlaqələrin struktruna gəldikdə , Azərbaycan ötən il Özbəkistandan 4 milyon 862 min dollarlıq televiziya qəbulediciləri, 2 milyon 628 min dollarlıq məişət kondisionerləri alıb. 

"Bununla bərabər, təzə meyvə (829 min dollar), paltaryuyan maşınları (538.7 min dollar), kağız və kartondan sanitar-gigiyenik məmulatlar (504.9 min dollar), ayaqqabı (131.9 min dollar), təzə tərəvəz (51.1 min dollar) də idxal məhsulları arasındadır. İxracatımıza gəldikdə isə ötən il 7 milyon 51 min dollarlıq şəkər məhsulları Özbəkistana göndərilib. Pandemiyadan öncə 4 milyon 864 min dolallıq etilen polimerləri, 621.9 min dollarlıq sürtkü yağları da dost ölkəyə ixrac olunub".