Goranboyda təqsirləndirilən şəxs müvəqqəti saxlanma yerində özünə xəsarət yetirib. 

"Unikal"-ın məlumatına görə, hadisə Goranboy Polis Şöbəsininin müvəqqəti saxlanma yerində baş verib. Rayon sakini bədəninin müxtəlif yerlərini doğrayaraq özünə ciddi xəsarət yetirib. Yaralı şəxs xəstəxanaya yerləşdirilib.

Baş vermiş hadisə ilə bağlı DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov "Unikal"-ın sorğusuna cavab olaraq bildirib ki, Goranboy rayon Bolusulu kənd sakini, Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.4-cü maddəsi (Oğurluq) ilə təqsirli bilinərək Goranboy rayon Polis Şöbəsinin Müvəqqəti Saxlama Yerində saxlanılan Vüsal Cəfərov plastmas qırığı ilə əl, bilək və bədən nahiyəsinə müxtəlif kəsik xəsarətləri yetirib: "Polis əməkdaşları tərəfindən həmin şəxsə ilkin tibbi yardım göstərərək rayon xəstəxanasına yerləşdirilib. Vəziyyəti normaldır". 

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov