Azərbaycan Turizm və Menecment Universitetinin Tədris işləri üzrə prorektor Zaur Bağırov, rektor müşaviri Sənan Hüseynov, Turizm və qonaqpərvərlik fakültəsinin dekanı Bahadur Bilalov və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa Türkiyə Cümhuriyyətinin Eskişehir Osmanqazi Universitetində olublar.

"Unikal" xəbər verir  ki, səfərin təşkilində başlıca məqsəd ATMU və ESOGU-nin “Turizm işinin təşkili” ixtisası bakalavr pilləsi üzrə tələbələrin Birgə Beynəlxalq İkili Diplom Proqramı çərçivəsində təhsil və tədris imkanlarının aydınlaşdırılması tələbi idi. Azərbaycan və Türkiyə Cümhuriyyətinin müvafiq ali təhsil müəssisənin təmsilçiləri görüş – müzakirələrdə Birgə Beynəlxalq İkili Diplom Proqramı üzrə müqavilənin əməkdaşlıq formatının təsdiqini məqbul sayıblar. 

Birgə Beynəlxalq İkili Diplom Proqramı üzrə  müqavilə  Azərbaycan Təhsil nazirliyi və Türkiyənin Yüksek Öğretim Kurumu tərəfindən təsdiqləndikdən sonra Bakı şəhərində imzalanacaq. ATMU-nun Beynəlxalq Əlaqələr üzrə Yeni Strateji planında Türkiyə Cümhuriyyətinin digər universitetləri ilə də Beynəlxalq Təhsil proqramlarında təsbit edilən uyğun ixtisaslar üzrə əməkdaşlığın inkişafı məsələsi nəzərdə tutulub.

Qeyd etmək lazımdır ki, Birgə Beynəlxalq İkili Diplom Proqramının başlıca üstünlüklərindən biri məhz “Turizm işinin təşkili” ixtisasına xüsusi önəm verilməsidir.