Qloballaşma dövründə iqtisadiyyatın transformasiyası, resurslardan səmərəli istifadə, dayanıqlı və davamlı artım, vergi öhdəliklərinin ədalətli prinsiplər üzərində qurulması və bərabər imkanların yaradılması ilə bağlı müzakirələrin yer aldığı “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu öz beynəlxalq səviyyəli platforma rolunu bir daha sübut edir.

"Unikal" xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında yazıb.

"Forumda aparılan müzakirələr qlobal çağırışları qarşılamaq üçün beynəlxalq səviyyədə səyləri birləşdirməyin vacibliyini göstərir", - o qeyd edib.

Qeyd edək ki, Qlobal Bakı Forumunda 50-dən çox ölkənin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri iştirak edirlər. Forumda qlobal dünya nizamını təhdid edən mühüm problemlər, o cümlədən dünyada təhlükəsizliyin və sülhün təmin olunması üçün perspektivlər, enerji təhlükəsizliyinə yaranan təhdidlərin həlli yolları, həssas bölgələrdə sülh, əməkdaşlıq və inteqrasiya, qloballaşan dünyada artan ədalətsizliklər, yoxsulluğun qarşısının alınması üçün qida və kənd təsərrüfatı sektorunun transformasiyası kimi mühüm mövzularda səmərəli müzakirələr aparılıb.

Forum işini bu gün başa çatdıracaq.