" "Formula-1" heç bir ölkəyə birbaşa qazanc gətirmir, amma iş doğru təşkil olunanda iqtisadiyyatda mutiplikativ effekt yaradır, ölkənin tanıtımı maddiləşir, turizm və investor axını artır ki, bu da biznesin qazanmasına, daha çox qazandıqca ödədiyi verginin həcminin artmasına səbəb olur. Ölkələr məhz belə pul qazanırlar".

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. O bildirib ki, bizdə əhalinin bu yarışa neqativ münasibəti tək şəhərin iflic olmasına, yolların bağlı, saatlarla tıxacların yaranmasına görə deyil, həm də ona görədir ki, bu yarış zamanı və yarışdan sonra yaranmalı olan tanıtıma görə pul qazanmırlar:

" "Formula-1" çox populyar yarışdı, dünyada 500 milyon nəfərə yaxın azarkeşi var, deməli ölkələr üçün tanınmağın artmasına yaxşı şərait yaranır. Doğru siyasətlə bu tanıtım maddiləşməlidir. Turizm artır, hər turist bizim kimi ölkələrdə ortalama həftəyə ən azı 500 dollar pul xərcləyirlər, bu vəsait biznesə gəlir kimi daxil olur, biznesin də vergi öhdəliyi artır, bununla da büdcə də qazanır. Bizdə turizmin qarşısında ən böyük sədd "AZAL"dır. Belə yüksək bilet qiymətləri turizmin qənimidir. Ona görə "Formula-1"in effektini görmürük".