1991-ci ildə Ermənistan müstəqillik əldə etdikdə ölkə əhalisi 3 milyon 633 min 301 nəfər idi. 20 ildən sonra, 2011-ci ildə əhali sayı 3 milyon 215 min 299 nəfər, 2021-ci ildə isə 2 milyon 964 min 55 nəfər olub. 

"Unikal" xəbər verir ki, bunu iqtisadçı ekspert Natiq Cəfərli deyib. Onun sözlərinə görə, son 30 ildə Ermənistanın əhalisi 669 min 246 nəfər azalıb:

"2022-ci ilin yanvar-aprel aylarında Ermənistanda doğulan uşaq sayı 10 665 nəfər olub, 2021-ci ilin eyni dövrünə görə doğuş 7,3% azalıb (keçən ilin ilk 4 ayında 11 501 uşaq doğulmuşdu). Bu ilin ilk 4 ayında Ermənistanda ölənlərin sayı 10 701 nəfər olub. Yəni, təbii azalma trendi davam edir. Keçən il Ermənistandan 42 min nəfər birdəfəlik köçüb. Bu ilin ilk 4 ayında köç azalsa da, davam edib, ölkəni hər ay 1500-2000 nəfərə yaxın insan birdəfəlik tərk edir. Bir çox mütəxəssislərin hesablamalarına görə demoqrafik “əyridə” Ermənistan kritik nöqtəni keçib, əhalinin azalma trendi davam edəcək".

Ekspert bildirib ki, Ermənistanda Moskvanın göstərişi ilə sülhə qarşı çıxan dəstələr, mitinq-yürüşlərlə, aranı qatmaqla, xaos yaratmaqla “revanşdan” danışırlar, müharibənin nəticələri ilə barışmaq istəmirlər. 

"Yaxşı, hansı gününüzə revanşdan danışırsız? Demoqrafik böhran artıq qapınızdadır, iqtisadi və sosial vəziyyət dünyaya da pararlel olaraq ağırlaşır, Rusiyadan asılılığınız faciəvi dərəcədə yüksəkdir. Bütün bu çağırışların qarşısında yeganə yolunuz sülhdür, əminamanlıqdır, sərhədlərin açılması və regional ticarətin canlanmasıdır".